Siyasət 6 Mart 2023, 15:50 | Baxış sayı: 140
"Bizim parlamentdə milli azlıqların təmsilçiləri Ermənistandakından dəfələrlə çoxdur"

“Paşinyan Makronun təşkil etdiyi Almaniya səfərində necə tolerant bir xalq olduqlarını qabartmaq üçün Azərbaycan qanunvericiliyində nəzərdə tutulmadığı halda, parlamentlərində etnik azlıqlara 4 mandat ayrıldığını bildirdi. Ancaq yenə də qaş qayırdığı yerdə vurub göz çıxardı”.

Musavat.com bildirir ki, bu fikirlər deputat Sahib Alıyevə məxsusdur.

Deputat Ermənistan hökumət başçısının iddialarının saxtalığını aşağıdakı arqumentlərlə ortaya qoyub:

“Birincisi, ona görə ki, bizim parlamentdə milli azlıqların təmsilçiləri Ermənistandakından dəfələrlə çoxdur. Və belə bir reallıq heç də oradakı kimi gözə kül üfürmək məqəsdilə onlara ayrıca mandat ayrılması nəticəsində yaranmayıb. Bu, Azərbaycanda tolerantlığın təkcə dövlət siyasəti deyil, həm də həyat tərzinə çevrilməsi, etnik və dini kimliyə fərq qoyulmaması səbəbindən meydana çıxan, yetkin, artıq millət kimi formalaşmış cəmiyyətlərə xas konfiqurasiyadır.

Ermənistanda belə bir reallıq olmayib, yoxdur və uzun müddət də gözlənilmir. Ancaq azərbaycanlıların oradakı yurd yerlərinə dönüşləri bu baxımdan da Ermənistan Konstitusiyasının mütləq dəyişməsini tələb edir. Özü də burada söhbət etnik azlıqlar üçün nəzərdə tutulan mandat sayının artırılmasından getmir. Paşinyan etnik azlıqlardan hərəsinə parlamentlərində bir mandat ayrılmasını böyük humanistlik kimi təqdim edə bilər, əslində isə bu, sivillikdən, demokratik seçki prinsipindən və ədalətlikdən tam uzaq haldır. Çünki Ermənistanda yezidilərin sayı aysorulardan 13 dəfə çox olduğu halda, parlamentdə hər ikisi ancaq bir deputatla təmsil edilir”.

S.Alıyev Almaniya kanslerinin siyasi səhvə yol verməsinə də orijinal şəkildə yanaşıb:

“Məncə, həm də Böyük Britaniyanın Qafqazda rolunun artması səbəbindən ötəri makronlayan, sonra səhvi düzəldilən Almaniya kansleri Olaf Şolts Qarabağdakı haylardan dəm vurmamışdan öncə Paşinyana deməli idi ki, Qərbi azərbaycanlılar öz yurdlarına dönməmişdən etnik azlıqlara bir mandat ayrılması kimi gözə kül üfürülməsinə xidmət edən qanuları dəyişdirilməlidir”. Deputat ardınca bildirib: “Əksər ölkələrin, o sıradan da Azərbaycanın qanunvericiliyində nəzərdə tutulan sayaq seçkilər keçirilsə və keçiriliməlidir də, onda qayıdışdan sonra Ermənistan parlamentində ən azı hər on nəfərdən biri azərbaycanlı olacaq. O da hələ ilk dövrlərdə. Sonrasını isə zaman göstərəcək”.

Musavat.com

Xəbərlər