Cəmiyyət, Qanun Layihələri 13 Dekabr 2021, 13:14 | Baxış sayı: 259
"Biz reallıqları nəzərə alaraq media haqqında məsələləri qanunla tənzimləməliyik ki, sonra qanun pozuntusu baş verdikdə həmin şəxsin cəzalandırılması üçün əsasımız olsun".

"“Media haqqında” qanun layihəsinin hazırlanması zərurətdən irəli gəlir. Qanun layihəsi ilə bağlı rəylərlə tanış oluram və görürəm ki, bəzi hallarda sənədlə yaxından tanış olmadan belə kəskin fikirlər səsləndirilir. Ümumiyyətlə bu gün medianın düzgün istiqamətlənməsi dünya ölkələrinin də diqqətindədir. Hesab edirəm ki, bu, çox vacib məsələdir və mütləq həllini tapmalıdır. Biz reallıqları nəzərə alaraq media haqqında məsələləri qanunla tənzimləməliyik ki, sonra qanun pozuntusu baş verdikdə həmin şəxsin cəzalandırılması üçün əsasımız olsun".

Bunu Pravda.az-a deputat Ceyhun Məmmədov "Media haqqında" qanun layihəsi barədə danışarkən deyib.

O, bildirib ki, qanun layihəsi ictimai müzakirəyə çıxarılıb və mediada paylaşılıb: "Yəni, bu, zərurətdən irəli gələn məsələdir. Təəssüflər olsun ki, biz bu gün "media azadlığı" çətiri altında bir sıra çirkin əməllərin həyata keçirilməsi cəhdləri ilə qarşılaşırıq. Bu, çox ciddi problemdir. Təkcə Azərbaycanda deyil, qardaş Türkiyə və bir sıra başqa ölkələrdə də bu kimi problemlərlə ciddi mübarizə aparılır. Unutmaq olmaz ki, bəzi xarici güclər, müxtəlif beynəlxalq təşkilatlar mediadan məharətlə istifadə edərək ölkələrin daxili işlərinə qarışa bilirlər. Bu, müəyyən ölkələrdə sabitliyi pozmaq cəhdləridir. İstənilən halda, qanun layihəsi hər kəsin müzakirəsi üçün təqdim olunub və vətəndaşlar qərəzsiz şəkildə həmin sənədə münasibət bildirə bilərlər. Hesab edirəm ki, tələsmək lazım deyil. Hər kəs fikrini bildirə və buna uyğun olaraq müvafiq addımlar atıla bilər".

Deputat Eldar Quliyev də bu qanunun qəbul olunmasının vacibliyini vurğulayıb: 

“Hesab edirəm ki, Azərbaycanda “Media haqqında” Qanun mütləq qəbul olunmalıdır, çünki buna ehtiyac var. Bu, təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində belədir. Razıyam ki, media müəyyən çərçivəyə salınmalıdır. Söhbət medianın tənqidindən getmir, sadəcə olaraq hüquqi tənzimləmə vacibdir. Unutmaq olmaz ki, Azərbaycan hüquqi dövlətdir”.

Deputatın sözlərinə görə, xüsusilə son dövrlər mediada inkişaf gözə dəysə də, bəzən elə yalan və şər məlumatlar paylaşılır ki, onlar heç bir çərçivəyə sığmır: “Ona görə də jurnalistlər üçün müəyyən məsuliyyət yaradılmalıdır. Jurnalistlər yazdıqlarının, paylaşdıqları məlumatın arxasında durmağı bacarmalıdırlar”.

Bəhruz Məhərrəmov:

“Bütün sahələr olduğu kimi, media münasibətləri də zaman keçdikcə köklü dəyişikliyə məruz qalır. Xüsusən, informasiya texnologiyalarının hazırkı sürətli inkişaf periodunda informasiya proseslərində, informasiyanın axtarılması, əldə edilməsi, emalı, ötürülməsi, yayımı sahəsində klassik ənənələrlə hərəkət etmək artıq mümkün deyil. Media fəaliyyətini tənzimləyən normativ hüquqi akt - Kütləvi İnformasiya Vasitələri haqqına qanun 22 ildir ki, qüvvədədir və biz bu günə kimi münasibətlərin inkişafı fonunda qanuna müəyyən əlavə və dəyişikliklər etməklə vəziyyətdən çıxmağa çalışmışıq. Bu dövr ərzində 62 maddəlik qanun 79 dəfə dəyişdirilib, 3 fəsil, 25 maddə normativ hüquqi aktdan çıxarılıb. Nəzərə alsaq ki, bu sahəvi qanundur, yəni yalnız media sektorunu tənzimləyir, deməli, bu qədər dəyişiklik qanunun yeni münasibətlər qarşısında aciz qalmasının ciddi göstəricilərdir. Media münasibətlərini tənzimləyən normativ hüquqi aktlar müasir tələblərə artıq cavab vermir, əlavə və dəyişikliklər isə müasir çağırışlarla uzlaşmaq üçün yetərli deyil”.

Deputatın sözlərinə görə, “Media haqqında” qanunun qəbulu dövrün tələbidir: “Təbii ki, ideal qanun yoxdur, ona görə də həmin normativ hüquqi aktın tətbiqi ilə bağlı mediada müəyyən suallar meydana çıxır. Bu, normaldır, lakin müzakirələr, tənqidlər radikal cəbhə tutmaq naminə, özünüisbat xarakterli yox, qanunun təkmilləşməsinə xidmət etməlidir. Məsələn, Milli Məclisdə komitə iclasında media kapitanları və ekspertləri iştirak edirdi, çox faydalı fikirlər, səmərəli və aydın təkliflər eşitdik. Yəni, birbaşa qaralayıcı mühakimələrdə tələsməməliyik, çünki qanun qəbul olunana qədər ictimai müzakirələr davam edəcək, habelə, layihə Milli Məclisin iki komitəsində hər birində iki dəfə, plenar iclasda isə 3 oxunuşdan keçəcək. Qanunun tətbiqi ilə bağlı gedişatı zaman göstərəcək, lakin qanun yaradıcılığı texnikası, normativ hüquqi aktların tələblərinə əməl edilməsi, mümkün kolliziyaların əlavə hüquqi mübahisələrə yol açmaması baxımdan mən layihəni çox uğurlu hesab edərək “Media haqqında” qanun layihəsinin hazırlanmasına ilk növbədə media islahatlarının tərkib hissəsi və mühüm mərhələsi kimi baxılmasının tərəfdarıyam”.

B.Məhərrəmov qeyd edib k i, bəzi məhdudiyyətlər haqqında ictimai müzakirələrin şahid oluruq: “Nəzərə alaq ki, məhdudiyyət tənzimləmənin şərtidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanın 10-cu maddəsində açıq mətnlə bildirilir ki, məlumat və ideyaları almaq və yaymaq azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər. Yəni, hazırkı layihədə müşahidə olunan, əvvəlki qanunvericiliyə münasibətdə xeyli azaldılmış məhdudiyyət xarakterli yanaşmalar qeyd olunan müvafiq beynəlxalq hüquqi aktda müəyyən olunan tələblərin çərçivəsindən çıxmır. Layihə ilə bağlı mühüm məqamlardan biri də bu qanunun məzmunca dövlət-media münasibətlərində hüquqi mənzərənin dəqiqləşməsinə yönəlib. Bu da media strukturlarını dövlət orqanlarının diskresion səlahiyyətlərindən asılılıqdan azad edir və üstəlik media strukturlarının özünə dispozitiv imkanlar qazandırır”.

Xəbərlər