Siyasət 9 Mart 2023, 14:24 | Baxış sayı: 151
“Bizə Gürcüstan nümunəsini gətirmək lazım deyil, Azərbaycan özü bir model, nümunədir”

“Gürcüstan parlamentində xarici agentlərin şəffaflıq haqqında qanun layihəsi müzakirə olunur. Bu qanun layihəsi ölkədə birmənalı qarşılanmayıb. Gürcüstan parlamenti qarşısında media nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının və ayrı-ayrı vətəndaşların etirazları müşahidə olundu. Əsas etiraza illik gəlirlərin 20%-dən çoxunun əldə edildiyi xarici dövlətlərin, beynəlxalq təşkilatların, gürcü vətəndaşı olmayan şəxslərin reyestrdən keçməsi tələbi ilə bağlı bənd səbəb oldu. Bu qanuna qarşı artıq ABŞ, Avropa İttifaqı, BMT, Gürcüstan və digər tərəfdaşları etirazlarını bildirdilər. Əsas ittihamlar bununla bağlıdır ki, Gürcüstanda xarici agentlərin şəffaflıq haqqında qanunun qəbul edilməsi nəticə etibarilə dövlətin avro-atlantik məkana inteqrasiyası prosesinin qarşısını almağa yönəlib və bu, daha çox Rusiyapərəst, Rusiyanın milli maraqlarını nəzərə alan bir qanundur. Bu, Gürcüstanın öz daxili işidir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

Deputat bildirib ki, sosial şəbəkələrin Azərbaycan seqmentində də bu məsələ çox ciddi müzakirə olunur: “Gürcüstanı Azərbaycana nümunə göstərmək istəyirlər. Azərbaycan parlamentini və parlamentarilərini ittiham etməyə başlayıblar. Azərbaycan mediasını, vətəndaş cəmiyyəti institutlarını da oxşar addımlar atmağa çağırırlar. Həmin sosial şəbəkə istifadəçiləri ancaq pis nümunələr üzərində baş sındırırlar. Heç fikirləşmirlər ki, axı Azərbaycanın ümumiyyətlə avro-atlantik məkana inteqrasiya olmaq niyyəti yoxdur. Azərbaycan dövlətinin rəhbəri, müzəffər Prezidentimiz cənab İlham Əliyev müstəqil və milli maraqlara söykənən siyasət həyata keçirir, müxtəlif güc mərkəzləri ilə bərabər məsafədə dayanmağı bacarır.  Belə olan halda, unutmamalıyıq ki, biz Qoşulmama Hərəkatının üzvüyük və ona sədrlik etmiş dövlətik. Bizim öz strateji niyyətlərimiz var. Bizə Gürcüstan nümunəsini gətirmək lazım deyil. Azərbaycan bu gün özü bir model, nümunədir. Azərbaycanın öz ərazi bütövlüyünü necə bərpa etməsi üzərində bu gün oxşar problemlər yaşayan dövlətlər, o cümlədən Gürcüstan baş sındırır. Bizim təcrübəmizi öyrənirlər. Azərbaycan xalqının ümummilli, strateji məsələlərdə bir yumruq kimi öz dövləti, dövlət başçısı ətrafında necə birləşdiyinin nümunəsini araşdırır, lazımi dərslər alırlar. Biz niyə Gürcüstanda daxili ixtilaf, qarşıdurma, ölkədəki sabitliyin pozulmasına gətirib çıxara biləcək addımları ölkəmizə transfer etməliyik? Biz kimlərəsə bənzəmirik. Artıq inkişafın o səviyyəsindəyik ki, bizə bənzəmək istəyirlər. Bizdəki sabitliyi, əmin-amanlığı özləri üçün örnək götürmək istəyirlər, amma bunu bacarmırlar. Bu, onlarda alınmır, ancaq Azərbaycanda alınır. Sosial şəbəkələrin Azərbaycan seqmentinin nümayəndələri üçün sabitlik, görünür, lazım deyil. Onlar üçün qarışıqlıq lazımdır. Elə bir qarışıqlıq ki, bulanıq suda balıq tutmaq imkanları olsun. Belə hərəkətləri Azərbaycan dövlətinə zidd hesab edirəm. O şəxslər bilərəkdən, ya bilməyərəkdən əslində Azərbaycandakı bu əmin-amanlığın, ictimai-siyasi sabitliyin pozulmasını istəyən qüvvələrin dəyirmanına su tökənlərdirlər".

Xəbərlər