Siyasət 19 Oktyabr 2023, 5:21 | Baxış sayı: 173
"Bizə "avtobus müxalifəti" deyənlər parlamentdə oturanda "Zaporojets müxalifəti" olublar?”

“Vəhdət Partiyası mərkəzçi mövqeyindədir. Kimsə elan etməyib ki, müxalifətəm. Kənardan baxan bunu qiymətləndirsin ki, sən hansı mövqedəsən. Bizə “avtobus müxalifəti” adını verən “reyestr müxalifəti”dir. Biz avtobusla gedib Şuşanı ziyarət etdik, onlar isə özlərini də, başqalarını da Şuşa və azad olunmuş digər əraziləri ziyarətdən məhrum etdilər. Özləri ilə bizdə nə fərq var ki? AXCP 10 il, Müsavat 5 il, AMİP 5 ildən artıq gedib parlamentdə oturanda onda onlar “avtobus” yox, lap “Zaporojets müxalifəti” olublar? Bizim xalqın xeyrinə dediyimiz sözlərin heç 5%-ni ağızlarını açıb səsləndirməyiblər. Hökumətin yaxşı işi olanda hökuməti, müxalifətin yaxşı işi olanda müxalifəti tərifləyirəm. Məsələn, ötən gün parlamentin iclasında iqtidar nümayəndəsi olan məmurun da nöqsanını demişəm. Üstəlik, mən partiyamı niyə buraxmalıyam ki? Bəyəm Vəhdət Partiyası xalqı aldadır? Xalqa hansı çağırış edir ki, xalq aldansın? Əksinə, mərkəzçi mövqedəyik, yaxşıya yaxşı, pisə pis deyirik. Bunu necə qiymətləndirərlər, özləri bilərlər...”

 

Bu sözləri açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib. 

 

“Biz dövlətimizə və millətimizə xidmət edirik. Həmin “reyestr müxalifəti” və onun başçısı demir ki, hakimiyyətə gəlməyə imkanım yoxdur? Hakimiyyətə gəlmək imkanın yoxdursa, sənin bir yolun var - gərək uyğunlaşasan, daha yaxşı konstruktiv təkliflər verəsən. Bir halda ki imkanın yoxdur, onda nə istəyirsən? Problemləri biz də səsləndiririk. Biz demirik ki, “dur, yerində oturaq”. Bu söz deyil. “Reyestr müxalifəti”nin rəhbəri deyir ki, Rusiya Paşinyana görə Ermənistanı uduzdurdu. Yaxşı, sən də deyirsən ki, Rusiyanın düşməniyəm. Prezident də yerindən qalxdı, səni yerinə qoydu. Oturdun Prezidentin yerində, bu dəfə də Rusiya sənin adına Azərbaycanı uduzdurdu. Bəs onda necə olacaq? Sözün var, söz danış Ordumuzun gücü, xalqımızın birliyi ilə, Prezidentin sərkərdəliyi və diplomatik qabiliyyəti ilə qələbə qazanılıb. Bunu inkar etmək mümkün deyil. Kim inkar edirsə, özü bilər. Günəşin üzünə çamur atmaqla ona çamur yapışan deyil ki...”- T.Kərimli bildirib. 

 

O deyib ki, müxalifətin kimliyinə fikir vermək lazımdır: “Sosial şəbəkə səhifələrinin birində müsahibə çıxıb, cəmi on şərh var, onu da söyüşdən ibarətdir. Bir dənə arqument, məntiq yoxdur, ancaq söyüş... Belə müxalifət olar? Yaxud belə bir müxalifətin hakimiyyətdə olmasını kim istəyər? Söyüşdən başqa heç nə bilməyənləri, belə tərbiyəsizliyi kim qəbul edər? Ağıllanmaq lazımdır, bu nədir? Belə müxalifətin olmağındansa, olmamağı yaxşıdır. Əgər iqtidarı ittiham edirlərsə ki yaxşı deyil, onda belə müxalifət də yaxşı deyil axı. Ahıl çağımda istəyirəm ki, cəmiyyət bir olsun, mehriban olsun, iqtidar və müxalifət antiqonizmi olmasın. Mənim başqa istəyim yoxdur. İqtidara yarınmağa ehtiyacım da yoxdur. Mən deputatam, bundan artıq vəzifə istəyim də yoxdur. Sadəcə, xalqımı xoşbəxt görmək istəyirəm. İstəyirəm ki, müxalifətin mütəxəssisləri də hakimiyyətdə təmsil olunsunlar. Kimlərsə haradansa, xaricdən və s. maddi qaynaq tapır, dolanır. Axı sıravi müxalifətçilər əziyyət çəkir...” 

pravda.az

Xəbərlər