Siyasət 13 Aprel 2023, 14:57 | Baxış sayı: 117
“Birinci özü addım atsın…”

Xəbər verildiyi kimi Milli Məclisin komitə sədri Qənirə Paşayeva parlament üzvlərinin bu ay üçün əməkhaqlarının bir hissəsini yenidən YAŞAT Fonduna köçürmələrini təklif edib. Deputat bu təklifi şəhid ailələrinin müəyyən problemlərinin həll olunmasına dəstək olacağı ilə əsaslandırıb.

 

Bəs, bu təşəbbüsə digər deputatların münasibəti necədir? Pul yardımına hansı millət vəkilləri qoşulacaq?

 

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Razi Nurullayev hesab edir ki, bu məsələdə birdəfəlik yardımlar vacibdir:

 

“"YAŞAT" fondu ilə bağlı bir neçə təklif səsləndirdim. Birdəfəlik yardımlar vacibdir, amma məsələni kökündən həll etmir. Onun üçün də Fondun daimi əsaslarla maliyyə axınına malik olması daha vacibdir”.

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynovanın sözlərinə görə belə təşəbbüslərdə hər zaman  aktiv iştirak edib:

 

“Hər zaman şəhid ailələri, qazilərin yanındayıq. Onlara dəstək göstərir, problemləri ilə maraqlanırıq. Həmçinin lazımı yerlərə müraciət edirik. Əlbəttə ki, bu təşəbbüsə də qoşulacağam”, - deyə o, əlavə edib.

 

Qənirə Paşayevanın təklifini nəcib və xeyirxah addım kimi dəyərləndirən deputat Aydın Hüseynov də bu təşəbbüsə qoşulacağını qeyd edib.

 

Fəzail Ağamalının isə cavabı daha maraqlı olub. O, öncə bu təşəbbüsü irəli sürən Qənirə Paşayevanın addım atmalı olduğunu bildirib:

 

“Bu təşəbbüs hörmətli Qənirə xanımdan gəlib. Birinci o, addım atsın və görək nə qədər məbləğdə pul keçirir. O addım atandan sonra təbii ki, biz də bu təşəbbüsə qoşulacağıq. Birinci təklifi verən təşəbbüs göstərməlidir ki, digərləri də onunla bərabər addım atsın”.

Xəbərlər