Siyasət 28 Avqust 2023, 17:08 | Baxış sayı: 125
“Bir dəstə satqının keçirdiyi tədbirə Rusiya rəsmiləri qatılır…”

7 avqust 2023-cü il tarixində Rusiyanın Yekaterinburq şəhərində qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr edilmiş tədbir keçirilib. Yekaterinburq şəhər dumasının sədri İqor Volodin qonaq qismində tədbirdə iştirak edib. 

Bununla əlaqədar Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə etiraz notası göndərib. Bildirilib ki, təxribat xarakterli tədbirin keçirilməsi və şəhər dumasının sədrinin orada iştirakı separatçılığı təşviq edir, Azərbaycan – Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə ziddir, habelə ikitərəfli əməkdaşlığa zərbə vurur. 


Məsələyə münasibət bildirən Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü deputat Elman Məmmədov açıqlamasında bildirib ki, Rusiya buna qətiyyən göz yummur, hətta rəvac verir:

“Bu, ilk belə hal deyil. Ermənilər bizim  ərazimizdə 1991-ci il sentyabrın 2-də sovetlərin xeyir-duası ilə separatçı, cinayətkar, qondarma bir qurum yaratdılar – Dağlıq Qarabağ Respublikası, “Artsax dövləti”. Bu, Rusiyanın razılığı ilə baş tutmadımı?! Həmin dövrdə mən Xocalıda yaşayırdım. Dağlıq Qarabağ ərazisi bütövlükdə rus hərbi kontingenti ilə çevrələnmişdi, hər şey onların nəzarətində idi. Rusiya tək bizim deyil, Gürcüstan, Moldova və digər respublikaların ərazisində də öz maraqları üçün, öz nüfuz dairəsini genişləndirmək üçün bu cür separatçı hərəkətlərə yol verib”.

Deputat qeyd edib ki, Rusiya müasir dövrdə də separatizmi dəstəkləyir: 

“44 günlük müharibədən sonra Rusiya hərbi kontingenti ərazimizə gələn kimi kimlərin müdafiəsi ilə məşğul oldu, kimlərin təminatçısına çevrildi?! – həmin separatçıların, cinayətkar rejimin. Rusiya Azərbaycanla müttəfiqlik sazişi imzalayıb. Bu müttəfiqlikdirmi, dostluqdurmu?!” 

E.Məmmədov vurğulayıb ki, Azərbaycan dövləti Rusiyaya ilə münasibətlərdə hər zaman dürüst olub:

“Mehriban qonşuluq münasibətləri, xəyanət etməmək, bir-birinin daxili işinə qarışmamaq, separatçılara qarşı birgə mübarizə aparmaq həmin müttəfiqlik sənədinin prinsipləridir. Rusiya buna əməl edirmi?! – təəssüf ki, xeyr! Azərbaycan səfirliyi haqlı olaraq öz etirazını bildirib. Cavablarını gözləyirik. 

Bir dəstə satqın insanın keçirdiyi tədbirə Rusiyanın rəsmiləri qatılır. Bu, birbaşa Rusiya dövlətinin niyyətindən xəbər verir”. 

demokrat.az

Xəbərlər