“Bir dəfə eşitmədik ki, “McDonalds” Qarabağı müdafiə etsin, fonda pul köçürsün...”
““McDonalds”a alternativ yerli şirkət yaratmaq olmazmı?” sualı artıq milli suala çevrilib. Yadımdadır, bir sıra dövlətlərdə dəyişiklik olanda deyirdilər ki, “McDonalds” hökumətin evini yıxdı. Məsələn, Gürcüstanın öz milli trendləri, yemək növləri – xəngəli, xaçapurisi var. Vaxtilə ideya irəli sürmüşdük ki, pendirdən, şordan, tərəvəzdən dürmək hazırlansın. Xaricilər buna çox maraqla baxırdılar. Bəzən sac çörəyi, yaxud yuxadan hazırlanırdı. Deməyim budur ki, ən təbii yeməklərimizlə tələbatı ödəmək olar. “McDonalds” kimi şirkətlər dünyanı başına alıb. Keyfiyyətsiz qidaları var. Bilinmir ki, qidanın tərkibi nədir. Geni dəyişdirilmiş, modifikasiya olunmuş qidalardır. Biabırçı vəziyyətdir”.
Bu sözləri Pravda.az-a müsahibəsində Milli Məclisin deputatı Tahir Kərimli deyib.
Deputat bildirib ki, “McDonalds” kimi şirkətlərin Azərbaycana münasibətləri ürəkaçan deyil: “Heç yaxşı rəftar etmirlər, saymırlar. Milli məsələlərimizə çox biganə yanaşırlar. Bu qədər “McDonalds” şəbəkəsi var, bir dəfə eşitmədik ki, Qarabağı hansısa siyasi, mənəvi, maddi cəhətdən müdafiə etsin, fonda pul köçürsün. Halbuki Azərbaycandan bu qədər faydalanırlar. Öz yemək brendimizi yaratmalıyıq. Adına ingilis dilində “fast food” deyirlər, öz “fast food” şəbəkələrimiz olmalıdır. Daha keyfiyyətli, ucuz... Bəsdir, ömür boyu elə özgələrə pərəstiş etdik. Onları təkrar, təlqin etdik, özümüzə qiymət vermədik. Hesab edirəm, bu həssas mövzu davam etdirilməlidir...”