Cəmiyyət 14 Sentyabr 2021, 15:35 | Baxış sayı: 379
“Bir beyin mərkəzi kimi bu istiqamətdə öz töhfəmizi verməyə hazırıq".

"Açıq havada maska istifadə etməməyə görə yazılmış cərimələrin bağışlanması, silinməsi, şərti olaraq desək, “pandemiya amnistiyası” sadəcə Milli Məclis üzvlərinin xoşməramlı çağırışı ilə baş verə bilməz. Burada hüquq-mühafizə orqanları, hakimiyyətin digər strukturları, xüsusilə də hökumətin müvafiq təmsilçiləri, Operativ Qərargah da iştirak etməlidir. Qeyd etdiyim qurumlar bu tədbirin sonrakı dönəmdə vətəndaşların qanun çərçivəsində müxtəlif məhdudiyyət rejimlərinə tabe olmasına təsirini mütləq araşdırmalıdır".

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Zahid Oruc deyib.

Z.Oruc qeyd edib ki, açıq havada maska taxmamağa görə yazılan cərimələrin silinməsi üçün geniş araşdırma, təhlil, müxtəlif xarakterli dəyərləndirmə və hesabatlara çox ciddi ehtyac var:

“Bir beyin mərkəzi kimi bu istiqamətdə öz töhfəmizi verməyə hazırıq. Qəti şəkildə bu məsələyə səthi formada yanaşmaq olmaz. Çünki öz-özlüyündə bu bağışlanma qərarı sonrakı dövrdə daha çox insanın yoluxmasına, cəzasızlığın genişlənməsinə, daha çox insanın həyatının zərbə altında qalmasına səbəb olacaqsa, bu, əks-effekt verəcək”.

Gürcüstan hökumətinin maska cərimələrinin silinməsi ilə bağlı qərarına gəlincə, deputat bildirib ki, bu, sosial akt deyil, siyasi mübarizədə xalqın rəğbətini qazanmaq üçün hakimiyyət tərəfindən həyata keçirilən tədbirdir:

“Gürcü müxalif qüvvələri də məsələni qeyd etdiyimiz kontekstdə qiymətləndirərək, iqtidarı məhz qarşıdakı, yəni oktyabrın 2-də nəzərdə tutulmuş seçkidə dolayı vasitələrlə rəğbət qazanmaq istəyində ittiham edir”.

Xəbərlər