"Biləsuvar Azərbaycanın qəhrəmanlıq paytaxtı sayılır"
"Bu gün Biləsuvar rayonunun təşkil edilməsindən 93 il ötür. Biləsuvar zəngin və mürəkkəb tarixi keçmişi olan bölgələrimizdən biridir. Mənbələrdə şəhər kimi X əsrdə salındığı deyilsə də, tunc dövrünə aid Yeddi təpə (Bəydili) və Qoşa təpə kurqanları (Təzəkənd) burada daha qədimdən yaşayış məskənlərinin olmasını göstərir".
Bu fikirləri səsləndirən sözügedın rayonun deputatı Bəhruz Məhərrəmov deyib ki, Biləsuvar XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayana qədər böyük ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi tanınmışdır. Şəhər 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüş, 1914-cü ildə Rusiya imperiyasının sərhəd siyasəti çərçivəsində əraziyə ruslar köçürülmüş, yeni mərkəz kimi Puşkin qəsəbəsi salınmışdır:
"8 avqust 1930-cu ildə Puşkin qəsəbəsi mərkəz olmaqla Biləsuvar rayonu təşkil edilmiş, 8 il sonra, 1938-ci ildə adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə Cəlilabad ilə birləşdirilsə də, 1 il sonra yenidən müstəqil rayon olmuş, 7 fevral 1991-ci ildən tarixi ədalət bərpa olunaraq yenidən Biləsuvar adlandırılmışdır. Bu gün 105 min əhalisi olan, 26 kənd və 1 şəhərdən ibarət Biləsuvar Azərbaycanın aqrar mərkəzlərindən biri, böyük pambıqçılıq rayonudur".
Deoutat diqqətə çatdırıb ki, Biləsuvar özünün 204 şəhidi, 161 nəfər müharibə əlili ilə həm də Azərbaycanın qəhrəmanlıq paytaxtı sayılır:
"Rayon eyni zamanda kifayət qədər aktiv siyasi ruha malikdir və 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevə Naxçıvandan sonra ilk mütəşəkkil dəstək Biləsuvardan gəlmiş, YAP-ın ilk rayon təşkilatı bu rayonda təsis edilmişdir.
Biləsuvar həm də ziyalılar yurdu, yaradıcı insanlar, qələm sahiblərinin diyarıdır. Bu gün ölkədə adı hörmətlə çəkilən 10-larla elm və sənət xadimləri rayonun adını ucaltmaqdadır".