Siyasət 7 Avqust 2023, 17:18 | Baxış sayı: 141
“Beynəlxalq təşkilatlar Ermənistanın ekoloji terroru qarşısında susur”

“Ekologiyaya vurduğu ziyana görə Ermənistana qarşı heç bir beynəlxalq təzyiqin şahidi olmamışıq. Azərbaycanlı ekofəallar Laçın-Xankəndi yolunda aylarla davam edən ekoloji aksiya keçirdilər. Rus sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilərdə belə qanunsuz erməni dağ – mədən şirkətləri fəaliyyət göstərir. Beynəlxalq təşkilatlarsa bu məsələdə hələ də susur”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib. O, bir sıra yerli qeyri-hökumət təşkilatlarının Ermənistanın dağ-mədən sənayesində ekoloji pozuntularla əlaqədar “Environmental Protection First” (EPF) Koalisiyası elan etməsini faydalı addım kimi qiymətləndirib.  

“Ermənistanda Paşinyandan öncə siyasi hakimiyyətdə olan şəxslər xarici və yerli bir çox şirkətlə birlikdə dağ – mədən sənayesini öz əllərində saxlayırdılar. Burada çıxardıqları faydalı metalları Avropa bazarlarında satırdılar. İstehsal zavodlarında demək olar ki, heç bir müasir tələblərə əməl olunmurdu, zəhərli maddələr xüsusi filterlərdən keçirilmədən məqsədyönlü şəkildə Azərbaycana tökülən su resurslarına buraxılırdı. Həmin maddələr Oxçuçay vasitəsilə Araz çayına, oradan da Kür çayı ilə birləşərək, Xəzər dənizinə tökülürdü. Ermənistanın zəhərlədiyi çaylarda flora və fauna demək olar ki, məhv olub. Çay suları torpağa hopur, həmin ərazilərdə təbiətə böyük ziyan dəyir”. 

N.Həmzəyevin sözlərinə görə Ermənistanın ekoloji cinayətləri nəticəsində azad edilmiş ərazilərdə təbii mühit tamamilə dəyişib.

“30 ilə yaxın müddətdə Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistan yalnız tarixi abidələri, mədəni irsi dağıtmaqla qalmayıb, həmin ərazilərdə meşə massivini sıradan çıxarıb, ovlanması qadağan edilən “Qırmızı Kitab”a düşmüş heyvanları məhv edib. Buna görə də orada ekoloji mühit tamamilə dəyişib, təbiəti əvvəlki görkəminə qaytarmaqçün uzun illər lazımdır”.

Deputat beynəlxalq təşkilatların bu məsələyə etinasız yanaşdığına diqqət çəkib.   

“Beynəlxalq təşkilatlar dünyanın digər yerlərində hər hansı ekoloji cinayət görəndə müdaxilə edir, lakin söhbət Azərbaycan və ya ona yaxın ərazilərdən gedəndə susur. Vətəndaş cəmiyyəti beynəlxaq ictimaiyyəti Ermənistanın ekoloji terroru barədə məlumatlandırmağa davam etməlidir. Xarici ekspertləri, beynəlxalq təşkilatların nümayəndələrini bu ərazilərə gətirib, yerlərdə monitorinq aparılmasına nail olmalıyıq”.

demokrat.az
 

Xəbərlər