Siyasət 26 İyul 2023, 16:05 | Baxış sayı: 172
“Beynəlxalq Qırmızı Xaç Komitəsi Xocalı soyqırımı zamanı harada idi?”

“Demişdim, bir də təkrar edirəm – Beynəlxalq Qırmızı Xaç Komitəsinin adında əksiklik var. Onu Erməni Qırmızı Xaç Komitəsi adlandırmaq lazımdır. Son bir ildəki fəaliyyətləri bunu təsdiqləməyə əsas verir. Bu müddət ərzində işləri, peşələri erməniləri Xankəndidən Ermənistana və əksinə daşımaqdan ibarət olub. Bu yaxınlarda Laçın nəzarət – buraxılış məntəsində yoxlama zamanı aydın oldu ki, onlar həm də beynəlxalq cinayətkarlıqla məşğuldurlar. Qaçaqmalçılıq yolu ilə qanunsuz malların daşınmasını həyata keçirirlər. Bir az da araşdırılsa, yəqin başqa şeylər də üzə çıxar”.

Bu fikirləri açıqlamasında Milli Məclisin Xocalıdan seçilmiş deputatı Elman Məmmədov səsləndirib. 

O, BQKX-nın keçmiş fəaliyyətilə bağlı bəzi həqiqətləri də dilə gətirib:

“Mən özüm Xocalıdanam. 90-cı illərin əvvəllərində Xocalı soyqırımı ərəfəsində oranın icra başçısı idim. 1991-ci il noyabr ayının 1-dən 1992-ci il fevralın 25-ə - Xocalı işğal olunan günə qədər 4 ay biz mühasirədə yaşadıq. Bu Komitə həmin dövrdə də mövcud idi. Ancaq bir dəfə də olsun onların Xocalıya gəldiyini görmədik. Bizim də çox şeyə ehtiyacımız var idi, xəstələrimiz, yaralılarımız var idi. Çağırışlarımıza baxmayaraq bircə dəfə də olsun köməyimizə gəlmədilər”. 

Deputat qeyd edib ki, Xocalı soyqırımı zamanı itkin düşən 150 nəfərdən çox azərbaycanlının sonrakı taleyi hələ də müəmmalıdır:

“İtkin düşənlərimiz oldu, əsirlərimiz çox idi. Bir nəfər də olsun Qırmızı Xaçın vasitəsilə əsirlikdən azad edilmədi. İtkin düşənlərin taleyindən hələ də xəbər yoxdu. Bu Komitə 30 il ərzində bir dəfə də olsun məsələylə  maraqlanmadı, bizə məlumat vermədi”. 

E.Məmmədov vurğulayıb ki, BQXK öz maraqları çərçivəsində fəaliyyət göstərir: 

“Azərbaycan tərəfi dəfələrlə rəsmi şəkildə onlara müraciət edib ki, Xankəndiyə yol Ağdamdan daha yaxın və rahatdır. Xankəndi də Qarabağın tərkib hissəsi olaraq bizim ərazimizdir. Nəyə görə siz Qarabağa Ermənistandan gedib, gəlirsiz?! 

Sizin Bakıda ofisiniz var, əgər yardım edirsinizsə, bunu ölkə ərazisindən edin. Sizi maraqlandıran nədir ki, hər dəfə Ermənistan ərazisindən istifadə edirsiniz?! 

Aydındır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycana qarşı qərəzli mövqeyini qoruyub saxlayır, bundan da əl çəkəcəyi görünmür”.

demokrat.az

Xəbərlər