"Beynəlxalq Qırmızı Xaç Komitəsi Ermənistanın vəhşiliklərinə münasibət bildirməyib"
Beynəlxalq İtkin Düşmüş Şəxslər Günü qeyd olunarkən Azərbaycan xalqı Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 4 minə yaxın azərbaycanlını xatırlayır. Ermənistan hələ də onların taleyi haqqında heç bir məlumat vermir. Bu isə beynəlxalq cinayətdir.
Bunu açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, məsələ ilə bağlı beynəlxalq təşkilatlar Ermənistana heç bir təzyiq göstərmir: “Məlumdur ki, itkinlərin taleyi, humanitar məsələlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin funksiyasına daxildir. Lakin indiyədək təşkilat hələ də ciddi fəaliyyət ortaya qoymayıb. Görünən odur ki, təşkilat itkin düşmüş azərbaycanlılarla əlaqədar heç bir iş görmür. Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad ediləndən sonra kütləvi məzarlıqların aşkar olunması Birinci Qarabağ müharibəsinin acı təzahürüdür. Kütləvi məzarlıqda nəşi tapılanlar həmin dövrdə ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilən, indiyədək itkin düşmüş hesab olunan azərbaycanlılardır. Beynəlxalq Qırmızı Xaç Komitəsi isə kütləvi məzarlıqlarla bağlı Ermənistanın vəhşiliklərinə heç bir münasibət bildirməyib”.
Deputat qeyd edib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi öz fəaliyyətində yalnız Ermənistanın maraqlarını güdür: “Ümumiyyətlə, bu məsələdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin eksklüzivliyinə son qoyulmalıdır. Digər tərəfdən, Ermənistana öz öhdəliklərini yerinə yetirmək üçün beynəlxalq səviyyədə təzyiq göstərilməlidir. Çünki itkin düşmüş azərbaycanlıların taleyi haqqında məlumat vermək rəsmi İrəvanın üzərinə götürdüyü öhdəliklər sırasındadır. Avropa İttifaqının və digər platformalarda aparılan danışıqlar prosesində Ermənistan hakimiyyəti öz üzərinə öhdəlik götürüb. Bu, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin bəyanatlarında da öz əksini tapır. İtkin düşmüş şəxslərin ailələri hələ də doğmalarından xəbər gözləyirlər. Belə ailələr arasında bizim də ailəmiz var. Yaxın qohumum, Milli Qəhrəman Cəlil Səfərov 1992-ci ildə Turşsu (Şuşa rayonu) əməliyyatı zamanı qəhrəmancasına vuruşaraq şəhid olub, itkin düşüb. Doğmaları olaraq onun nəşinin tapılacağına biz də çox ümid edirik”.
Fatma Yıldırım qeyd edib ki, itkin düşmüş həmvətənlərimizin taleyi ilə bağlı dövlətimiz bütün imkanlardan istifadə edir: “Beynəlxalq ictimaiyyət də bu prosesdə öz dəstəyini göstərməlidir”.
APA