Siyasət 12 İyul 2023, 16:10 | Baxış sayı: 209
"Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycandan üzr istəməlidir"

Son günlərdə Dövlət Sərhəd Xidməti tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb. Nəticədə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb. Zəruri istintaq tədbirləri həyata keçirilənə qədər Laçın dövlət buraxılış məntəqəsindən keçid müvəqqəti olaraq dayandırılıb.
 
  Beynəlxalq Qızıl Xaç Komitəsi də “Laçın” dövlət sərhəd buraxılış məntəqəsində onlara aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri ilə bağlı açıqlama yayıb. Açıqlamada deyilir: "Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Laçın yolu ilə bəyan edilməmiş məhsulların keçirilməsi ilə bağlı məlumatlardan xəbərdardır və belə fəaliyyətləri dəstəkləmir. BQXK-ya məxsus olan heç bir nəqliyyat vasitəsində belə məhsullara rast gəlinməmişdir. Bütün humanitar yüklər Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən yoxlanılır.
  Lakin, təəssüflər olsun ki, icarəyə götürülmüş və üzərinə müvəqqəti olaraq BQXK emblemi vurulmuş dörd nəqliyyat vasitəsinin sürücüsü bizə məlumat vermədən öz maşınlarında kommersiya məqsədli yükləri keçirməyə cəhd ediblər. Bu şəxslər BQXK əməkdaşları olmayıblar və onlarla olan xidməti müqavilələrə dərhal xitam verilib.
  Bizim Laçın yolu boyu gördüyümüz işlər yalnız humanitar xarakter daşıyır. 600-dən artıq pasientin tibbi təxliyyəsinə və səhiyyə ocaqları üçün lazımi ləvazimatların, o cümlədən ərzaq və uşaq qidalarının çatdırılmasına imkan yaratmış bu fəaliyyətlərin davam etdirilməsinə icazə verilməlidir. Humanitar fəaliyyətlər hər zaman tərəflərin razılığı ilə həyata keçirilir və minlərlə insanın həyatına müsbət təsir göstərir".
   Qeyd edək ki, Ermənistan ilə dövlət sərhədində Laçın buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən BQXK-ya məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb. Müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar. 
  Ekspertlərin sözlərinə görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin erməni bürosunun istər Ermənistanda, istərsə də Qarabağda fəaliyyət göstərən nümayəndələri Birinci Qarabağ müharibəsi zamanı da qanunsuz fəaliyyətlə məşğul olurdular. Əsir və girovluqdan qayıdan Azərbaycan vətəndaşlarının açıqlamaları da bunu təsdiqləyir. Vətən müharibəsindən ötən üç ilə yaxın müddətdə də BQXK müəyyən qanunsuzluqlar törədib. Şübhə yox ki, qurum eyni zamanda Qarabağdakı separatçılara hərbi təyinatlı vasitələrin daşınmasını da həyata keçirə bilər. Ona görə də yaxşı olar ki, Qarabağda fəaliyyət göstərən Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Azərbaycan nümayəndəliyinin üzərindən bu işləri koordinasiya edib fəaliyyət göstərsinlər.
 
  Millət vəkili Asim Mollazadə "Sherg.az"a  deyib ki, BQXK-nin adının belə hadisələrdə hallanması və qurumun qanunsuz əməllərə əl atması beynəlxalq təşkilatın nüfuzuna ciddi zərbədir. Deputatın sözlərinə görə, bu cür addımlar Komitəyə olan inamı, etimadı itirir:
 
 "Bu faktlara görə Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycandan üzr istəməlidir. Qurumun qaçaqmalçılıqla məşğul olması o deməkdir ki, təşkilat sabah başqa qanunsuz daşımalara da qarışa bilər. Təbii ki, qaçaqmalçılıq və digər fəaliyyət BQXK-nin səlahiyyətlərinə, çalışma mexanizminə uyğun deyil. Ona görə ilk növbədə Komitə özü bu kimi hadisələrin qarşısını almalı, işə bulaşanlar cəzalandırılmalıdır".

Xəbərlər