Siyasət 18 Avqust 2023, 13:34 | Baxış sayı: 198
"Beynəlxalq ictimaiyyəti çaşdırmaq istəyən Ermənistan qazdığı quyuya özü düşdü"

Avqustun 16-da BMT Təhlükəsizlik Şurasında aparılan müzakirələr bir daha göstərdi ki, Azərbaycan sülh gündəliyinə sadiqdir. Ermənistan isə bu prosesə maneə yaradır. Öz havadarlarına, erməni lobbisinə güvənən Ermənistan, Qarabağdakı “cinayətkar-xunta rejimi”, hərbi separatçıları davamlı olaraq siyasi və hərbi təxribatlar törədir, Azərbaycana qarşı şər-böhtan kampaniyaları aparır. Bu kampaniyanın kulminasiya nöqtəsi isə BMT Təhlükəsizlik Şurasının iclası oldu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməyən Ermənistanın belə bir iclasın keçirilməsi istəyi nə məntiqə, nə də beynəlxalq hüquqa sığmır.

Bu sözləri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova açıqlamasında bildirib.

İclasda heç bir sənədin qəbul olunmadığını vurğulayan komitə sədri bildirib: “Əksinə, beynəlxalq ictimaiyyəti çaşdırmaq, Azərbaycana qarşı haqsız rəy formalaşdırmaq istəyən Ermənistan qazdığı quyuya özü düşdü. Burada Prezident İlham Əliyevin bir fikrini xatırlatmaq istərdim: “Bizim siyasətimiz, addımlarımız, qərarlarımız məntiqlidir, ardıcıldır”. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində Azərbaycanın beynəlxalq nüfuzu artır, dostları çoxalır. Vətən müharibəsində şanlı Qələbə çalan Azərbaycan Cənubi Qafqazda yeni reallıq yaradıb, son geosiyasi və hərbi proseslər fonunda isə onun bölgədəki, hətta dünyadakı rolu dəyişdi. Bu gün Azərbaycan qlobal təşəbbüslər irəli sürən, sülh və təhlükəsizliyə, ədalətə və bərabərliyə mühüm töhfələr verən ölkədir. Bu reallığı beynəlxalq ictimaiyyət yaxşı dərk edir. Eyni zamanda, Azərbaycan hər zaman beynəlxalq hüququn norma və prinsiplərinə uyğun davranır. Bütün səviyyələrdə haqlı mübarizəsini ləyaqətlə aparır. BMT Təhlükəsizlik Şurasının iclası bunu bir daha sübut etdi.

H.Hüseynova qeyd edib ki, Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev əhatəli, faktlara əsaslanan çıxışı ilə BMT Təhlükəsizlik Şurasının Ermənistan üçün sui-istifadə platformasına çevrildiyinə işarə etdi: Ermənistanın humanitar məsələ kimi təqdim etməyə çalışdığı, əslində, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək üçün aparılan təxribat xarakterli və məsuliyyətsiz siyasi kampaniyadır. İclasda çıxış edən üzvlərin ortaq fikirləri “regionda sülh və sabitliyin əsası həm sözdə, həm də əməldə suverenliyin və ərazi bütövlüyünün tanınmasıdır” oldu. Eyni zamanda, BMT Təhlükəsizlik Şurasının üzvü olan bir neçə dövlətin, eləcə də Türkiyənin nümayəndəsi Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin ehtiyaclarını ödəmək üçün məhsulların çatdırılması ilə əlaqədar xüsusilə Ağdam-Xankəndi yolu olmaqla, Azərbaycan tərəfindən təklif olunan bütün marşrutların açıq olması ilə bağlı səmimi dialoq və vicdanlı qarşılıqlı fəaliyyətin zəruriliyinə diqqət çəkdi və fikirlər səsləndirdi. Beləliklə, BMT Təhlükəsizlik Şurasının iclasından heç bir nəticə ala bilməyən Ermənistan növbəti dəfə fiaskoya uğradı. Azərbaycan isə ədalətli və haqlı mövqeyini bir daha beynəlxalq tribunadan ifadə etdi. Bu, həm də Ağdam-Xankəndi yolunun açılması üçün beynəlxalq ictimai rəyi bir qədər də möhkəmləndirdi.

Komitə sədri Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, o cümlədən BMT-nin Rezident Əlaqələndirici Ofisinin və BMT-nin digər qurumlarının nümayəndələrinin (45 ölkə və 12 beynəlxalq təşkilatdan 100-ə yaxın diplomat və hərbçi) avqustun 16-da Ağdam-Xankəndi avtomobil yolu, həmçinin Bərdə-Ağdam dəmir yolu olmaqla Qarabağ iqtisadi zonasının hazırkı yol infrastruktur potensialı ilə əyani tanış olduqlarını vurğulayıb. Bildirib ki, müzakirələr zamanı Azərbaycanın Ağdam-Xankəndi yolundan istifadə təklifinin beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılandığı və yüklərin Azərbaycanın Qarabağ bölgəsinə qanuni və şəffaf şəkildə çatdırılmasını təmin etmək üçün Ermənistanın yaratdığı maneələrin qəti şəkildə aradan qaldırılmasının vacibliyi bir daha qeyd olundu. Bundan əlavə, Laçın dəhlizində quraşdırılan sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə qarşı ermənilərin və onların havadarlarının apardığı təbliğat nəticəsiz qaldı. Digər mühüm məqam isə Beynəlxalq Qırmızı Xaç Komitəsinin regionda siyasi aktora çevrilməsi məsələsinin gündəmə gətirilməsi oldu. Azərbaycan nümayəndəsi çıxışında Ermənistanın BQXK-nin vasitəçiliyindən sui-istifadə etməsi ilə bağlı bir sıra mühüm faktları diqqətə çatdırdı və həmin faktların Azərbaycanın bu qurum qarşısında qəti şərtlər qoymasına real zəmin yaratdığını vurğulayıb. “Azərbaycan qalib dövlət olmasına baxmayaraq, müharibədən sonra iki ölkənin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınmasını və hörmət əsasında sülh təklif edib. Bunu həm Ermənistan, həm də beynəlxalq ictimaiyyət unutmamalıdır. Bütün ağrı-acılara, doğma yurdlarından məcburi köçkün düşmələrinə, erməni işğalçıları tərəfindən işgəncələrə məruz qalmalarına, erməni faşizminin törətdiyi humanitar və ekoloji cinayətlərə baxmayaraq, Azərbaycan münasibətlərin normallaşmasına hazır olduğunu bəyan edib. Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin taleyinə gəldikdə isə Azərbaycan onların ölkə Konstitusiyasında nəzərdə tutulmuş, habelə tərəfdar çıxdığı müvafiq beynəlxalq mexanizmlərə uyğun olaraq, bütün hüquq və azadlıqları təmin edilməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiyası üçün siyasət yürüdür. Bütün bunlarla yanaşı, Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü BMT Nizamnaməsində və beynəlxalq hüquqda təsbit edilmiş qanuni vasitələrlə qorumaq bizim haqqımızdır.

AZƏRTAC

Xəbərlər