Siyasət 19 İyun 2023, 15:34 | Baxış sayı: 88
"Beynəlxalq ictimaiyyət Ermənistanı təxribatlardan çəkindirməlidir"

Bu günlərdə çox mühüm hadisələr baş verdi. Türkiyənin yenidən seçilmiş dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Bakıya səfərləri, verilən mesajlar, imzalanan sənədlər ölkələrimiz arasında strateji tərəfdaşlığın bariz nümunəsidir. Azərbaycan, Türkiyə və Pakistan - bu üç dövlətin əməkdaşlığı həm ikitərəfli, həm üçtərəfli, həm də çoxtərəfli formatda inamla inkişaf edir. Eyni zamanda, Böyük Qayıdış planına uyğun olaraq, Laçına ikinci köç baş tutdu. Bütün bu önəmli hadisələrin fonunda Ermənistan silahlı qüvvələri Laçında dövlət sərhədindən buraxılış məntəqəsinə qarşı hərbi təxribat törətdilər. Bu, Ermənistanın və onun havadarlarının növbəti hərbi və siyasi təxribatı idi.

Bu sözləri açıqlamasında Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova söyləyib.

H.Hüseynova bildirib ki, hadisənin əsl məqsədi Azərbaycan tərəfdən sərhəd-buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə, erməni sakinlərin təhlükəsiz, sərbəst və maneəsiz keçidinə, habelə onların Laçın yolu ilə hərəkətinə əngəl yaratmaqdır. Bu, həm də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı təcavüz aktıdır. Bu təxribat göstərir ki, ya Ermənistan öz silahlı qüvvələrini idarə edə bilmir, ya da hələ də xəyallar quran revanşist qüvvələrin, daha doğrusu, cinayətkar hərbi dəstələrin nəyəsə, kiməsə ümidləri qalmaqdadır. Növbəti danışıqlar ərəfəsində belə bir hadisənin baş verməsi iki ölkə arasında normallaşma və sülh prosesinə maneə yaradır. Lakin Ermənistan və ona dəstək verən qüvvələrin bu kimi təxribatlarının qarşısı qətiyyətlə alınır və alınacaq. Əlbəttə ki, beynəlxalq ictimaiyyət Ermənistan tərəfinin bu təxribatını pisləməli, İrəvanı bölgədə sülh və sabitliyə hədə olan təcavüzkar hərəkətlərdən çəkinməyə çağırmalıdır.

Mənbə: AZƏRTAC

Xəbərlər