Ümumi, Siyasət 10 İyul 2021, 12:53 | Baxış sayı: 286
"Beynəlxalq ictimaiyyət ağ fosfor tərkibli mərmilərdən istifadə etdiyinə, beynəlxalq hüququ kobud surətdə pozduğuna görə Ermənistanı qınamalıdır”

“İyulun 3-də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Cəbrayıl rayonu ərazisində keçmiş silah-sursat anbarının təmizlənməsi əməliyyatları zamanı 157 ədəd partlamamış hərbi sursat (PHS), 1 185 ədəd müxtəlif çaplı patronlar, 5 kq partlayıcı (TNT) və 17 ədəd ağ fosfor tərkibli 82 mm-lik minaatan mərmiləri aşkar edilib. Aşkar olunan 17 ədəd ağ fosfor tərkibli minaatan mərmiləri Ermənistanın dinc əhaliyə qarşı düşmənçilik niyyətini bir daha sübut edir”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli bildirib.

T. Kərimli deyib ki, beynəlxalq humanitar hüquqa görə, mülki əhali və yaxud mülki obyektlərə, meşələrə və ya digər əkin sahələrinə ağ fosforlu silahlardan atəş açmaq BMT-nin 1980-ci il “Adi silahların konkret növləri haqqında konvensiya”nın Alışdırıcı Silahların İstifadəsi haqqında Qadağalar və ya Məhdudiyyətlərə dair III Protokolu ilə qadağan edilir: “Ağ fosfor hava ilə təmas edən zaman öz-özünə alışır, maye halında olduğu üçün istənilən səthə asanlıqla yapışa və yanğın törədə bilər. Yanma temperaturu 1200 C°-ni ötür ki, bu da dərin, gec sağalan yaralara səbəb olur. Yanma məhsulu olan tüstü nəfəs yollarını qıcıqlandırır ki, bağlı məkanda bu tüstünün çox miqdarda udulması ağır zəhərlənməyə və ölümə gətirib çıxara bilər”.

Deputat xatırladıb ki, hələ 2016-cı ilin aprel ayında Ermənistan silahlı qüvvələri qəsdən və intensiv olaraq, Azərbaycanın mülki əhalisini və mülki obyektlərini ağır artilleriya və iri çaplı silahlardan atəşə tutmaqla bərabər, ağ fosfor kimi kimyəvi tərkibə malik olan mərmilərdən də istifadə edib: “ANAMA belə mərmilər birinin Azərbaycanın Tərtər rayonunun Əskipara kəndi ərazisinə atılması və təsadüfən ilkin hədəfdən yayınaraq becərilən pambıq tarlasına düşməsini 2016-cı il mayın 10-da aşkarlamışdı. Mərmi Əskipara kəndinin əhalinin sıx məskunlaşdığı ərazisinə düşsəydi, çoxsaylı insan tələfatı və yaralanması ilə nəticələnə bilərdi. Ermənistan silahlı qüvvələri tərəfindən ağ fosfor tərkibli sursatlardan mülki əhaliyə və yaşayış məntəqələrinə qarşı istifadə edilməsi 44 günlük Vətən Müharibəsi zamanı da faktlarla təsdiqini tapıb”.

T. Kərimli qeyd edib ki, Ermənistan Azərbaycanın mülki obyektlərini qəsdən hədəf alaraq yüksək partlayıcı gücə malik ağ fosfor maddəsi istifadə etməklə, 1949-cu il Cenevrə Konvensiyalarını, xüsusilə Dördüncü Cenevrə Konvensiyasında təsbit olunan beynəlxalq humanitar və insan haqları hüququ üzrə üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozur: “Ağ fosfor tərkibli silahları həmçinin, Ermənistanın da 2004-cü ildə qoşulduğu 1997-ci il Terrorçu partlayışlara qarşı mübarizəyə dair Beynəlxalq Konvensiyasına əsasən “alışdırıcı silahlar və ya qurğular” kimi də təsnif edilər bilər. Konvensiya hər hansı “layihələndirilmiş və ya bu imkanlara malik ölümlə nəticələnən, ciddi bədən xəsarəti və yaxud sağlamlığa ciddi ziyan vuran partlayıcı və ya alışdırıcı silah və ya qurğu”, yaxud da zəhərli kimyəvi, bioloji agentlər, toksinlər və ya radiasiya təsiri yaradan silaha tətbiq edilir. Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyəti ilə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi tövsif olunur. Beynəlxalq ictimaiyyət ağ fosfor tərkibli mərmilərdən istifadə etdiyinə, beynəlxalq hüququ kobud surətdə pozduğuna görə Ermənistanı qınamalıdır”.

Xəbərlər