Siyasət 28 Avqust 2023, 17:16 | Baxış sayı: 82
"Belçikalı deputatların yalnız Ermənistana səfər etməsi region ölkələrinə münasibətdə balansı pozur"

Avqustun 25-də Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Belçika Krallığının xarici işlər, Avropa işləri, xarici ticarət və federal mədəni institutlar naziri Haccə Lhəbibin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Sahibə Qafarova parlamentlərarası əlaqələri Azərbaycanla Belçika arasında ikitərəfli münasibətlərin əsas komponentlərindən biri adlandırıb.

 

Hazırda ölkəmizdə və regionda mövcud olan vəziyyət barədə qonağa məlumat verən Milli Məclisin sədri diqqətə çatdırıb ki, 2020-ci ildə Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində öz torpaqlarının Ermənistan tərəfindən 30 il davam edən işğalına son qoyub və ərazi bütövlüyünü bərpa edib. Münaqişə qurbanı olmasına baxmayaraq, məhz Azərbaycan Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin bərqərar edilməsi, Ermənistanla münasibətlərin beynəlxalq hüququn normaları və prinsipləri əsasında normallaşması üçün sülh təşəbbüsü irəli sürüb.

 

Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra həyata keçirdiyi böyükmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verən Milli Məclisin sədri deyib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizdə, o cümlədən, Qarabağda və Şərqi Zəngəzurda müasir şəhər və kəndlər tikir. Artıq məcburi köçkünlərimizin öz doğma torpaqlarına qayıtmasını nəzərdə tutan Böyük Qayıdış proqramına start verilib. Otuz il ərzində azərbaycanlı məcburi köçkünlərin pozulan hüquqları, onların öz dədə-baba yurdlarından didərgin düşməsinə beynəlxalq ictimaiyyət lazımi diqqəti göstərməyib, hətta bir çox hallarda laqeyd yanaşıb. Bu, ikili standartların bir çox səbəbləri var. Erməni lobbisi və təbliğatı, islamofobiya bu amillər sırasındadır.

 

Görüşdə Ermənistan tərəfindən Azərbaycan ərazilərinin minalanması haqqında da məlumat verilib. Diqqətə çatdırıb ki, Ermənistan tərəfindən həyata keçirilmiş kütləvi minalanma işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinə ən böyük əngəldir.

 

Laçın yolu ətrafında Ermənistanın apardığı yalan və uydurma təbliğata diqqət çəkən Milli Məclisin sədri vurğulayıb ki, Laçın yolu açıq olub və indi də açıqdır. Orada hər hansı blokadadan söhbət belə gedə bilməz. Laçın yolu Azərbaycanın ərazisidir. 2023-cü ilin aprel ayında Azərbaycan Respublikası beynəlxalq hüququn normalarına müvafiq surətdə öz suveren hüququnu həyata keçirərək “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsini qurub. Azərbaycan Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif edib və bu təklif beynəlxalq səviyyədə də dəstək alıb. Amma təəssüf ki, Ermənistan bu yoldan istifadə etmək istəmir. Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan vətəndaşları olduqlarını bildirən Sahibə Qafarova xatırladıb ki, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində lazımi addımlar atılıb. Prezident İlham Əliyev də dəfələrlə deyib ki, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar. Milli Məclisin sədri bir daha bəyan edib ki, Azərbaycanın Qarabağ bölgəsində “gərgin humanitar vəziyyət”in yaranması, bölgədə yaşayan erməni milliyyətli sakinlərin guya ərzaq və dərman çatışmazlığı ilə üzləşməsi barədə Ermənistan tərəfindən irəli sürülən absurd iddialar beynəlxalq ictimaiyyəti çaşdırmağa yönələn və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan manipulyasiyadan başqa bir şey deyil.

 

Sahibə Qafarova görüşdə, həmçinin Belçika parlamentində son 3 ildə Azərbaycanla bağlı qəbul olunmuş 5 birtərəfli və qərəzli qətnaməni kəskin tənqid edərək, vurğulayıb ki, bu qətnamələr regionumuzdakı vəziyyəti düzgün əks etdirmir. O, eyni zamanda, belçikalı deputatların yalnız Ermənistana səfər etməsinin region ölkələrinə münasibətdə balansı pozduğunu bildirib.

 

Azərbaycan parlamentində olmaqdan məmnunluğunu bildirən Haccə Lhəbib regiona, o cümlədən ölkəmizə səfərinin məqsədləri və keçirdiyi görüşlər barədə məlumat verib. Qonaq Azərbaycanla Belçika arasında qarşılıqlı səfərlərin önəmini diqqətə çatdıraraq, bu səfəri çərçivəsində bir çox məsələlər haqqında müzakirələr apardığını bildirib. Belçikalı nazir regionda sülhün və təhlükəsizliyin təmin olunmasının, o cümlədən, ərazilərin minalardan təmizlənməsinin vacibliyini vurğulayıb. O deyib ki, ölkəsi yalnız sülhü və bu ərazilərin yenidən bərpasını təşviq etmək niyyətindədir. Haccə Lhəbib vurğulayıb ki, 30 il ərzində bu ərazilərdə çoxlu dağıntılar baş verib.

 

Qonaq, həmçinin ölkəsində siyasi institutların fəaliyyəti, multikulturalizm, gender bərabərliyi və digər məsələlər barədə də məlumat verib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Xəbərlər