Cəmiyyət 7 İyul 2023, 14:46 | Baxış sayı: 98
“Belə qənaətə gəldim ki, xaricdən dərman gətirilməsinin qarşısı alınacaq”

İyunun 6-da Milli Məclisdə Səhiyyə nazirinin müavini Rasim İsmayılov keyfiyyətsiz dərmanlarla çıxışı müzakirələrə səbəb olub. Nazir müavini bildirilib ki, birincisi, bu, bioloji fəallığa malik qida əlavələri ilə bağlıdır: “Onların hər hansı xəstəliyin müalicəsində təsiri bəzi hallarda azdır, bəzi hallarda isə ümumiyyətlə təsir etmir. Bu da vətəndaşda fikir yaradır ki, dərmanlar keyfiyyətsizdir. İkincisi, şəxsi istifadə üçün gətirilən dərmanlar da hamısı şəxsi məqsəd üçün gətirilmir. Bəzi hallarda bu, şəxsi maraq üçün gətirilir və satışı təşkil edilir. Bu, çox ciddi məsələdir. Bununla bağlı həm Gömrük Komitəsi, həm də AQTA ilə birlikdə işlər görülməlidir”.

 

Spiker Sahibə Qafarova nazir müavininin bəzi hallarda şəxsi məqsədlər üçün gətirilən dərmanlar apteklərə satılması ilə bağlı çıxışına toxunub: “Bununla bağlı apardığınız işlərlə bağlı Milli Məclisə və Səhiyyə komitəsinə məlumat verilsin. Siz qeyd etdiniz ki, bununla bağlı mübarizə tədbirləri görülür”.

 

Nazir müavininin bu çıxışı sosial şəbəkədə ciddi müzakirələrə səbəb olub. Qeyd olunur ki, nazirlik xaricdən şəxsi istifadə üçün dərman gətirilməsini məhdudlaşdırmağa çalışır.

 

Mövzu ilə bağlı Pravda.az-a Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, nazir müavininin çıxışı narahatlığa əsas verir:

“Onun şərhinə qulaq asdıqdan sonra məndə bir sıra məsələlərlə bağlı narahatlıq yarandı. Nazir müavini xüsusilə Azərbaycan bazarında keyfiyyətsiz dərmanların olma səbəbini vətəndaşların xaricdən özlərinin gətirdikləri dərman vasitələri ilə əlaqələndirdi. Qeyd etdi ki, bu dərmanlar çoxluq təşkil edir. Vətəndaşlar gətirdikləri dərmanları istifadə etmədikdə onları başqa yollarla bazara çıxarırlar. Belə çıxdı ki, vətəndaşların öz müalicələri üçün gətirdikləri dərman vasitələri Azərbaycanda keyfiyyətsiz dərmanların olmasının əsas səbəbidir. Bu fikri qətiyyən qəbul etmirəm. Bəlkə də, belə bir hal var. Amma bu, ümumilikdə maksimum 1-2% təşkil edə bilər ki, kimsə dərman gətirsin, itifadə etməsin, onun bazarda satışını təşkil etsin. Adətən xaricə gedənlər həm özləri, həm də yaxınları üçün lazım olan dərman vasitələri gətirirlər. Xaricdən gətirilən dərmanlar Azərbaycan bazarında satılan dərmanlardan qat-qat keyfiyyətlidir. Bunu bütün həkimlər deyir. Səhiyyə sahəsində çalışan həkim deputatlar parlamentdə çıxışlarında bu fikri təsdiq etdilər. Nazir müavinin mövqeyindən sonra, sözün açığı, belə qənaətə gəldim ki, ümumiyyətlə Azərbaycana xaricdən dərman gətirilməsinin qarşısı alınacaq. Bu, yaxşı hal deyil, bunu pisləyirəm. Əksinə, biz imkan verməli, şərait yaratmalıyıq ki, xaricə istirahətə, yaxud hansısa iş üçün gedən şəxs istədiyi dərman vasitəsini, bioloji qida əlavəsini özü ilə Azərbaycana gətirsin. Bir şərtlə ki, həmin şəxs bu dərmanı öz müalicəsi üçün istifadə edəcək. Təbii ki, çox sayda dərman gətirəndə gömrük rüsumu tələb edilə bilər. Az sayda vətəndaş dərman vasitəsi gətirirsə, bunun qarşısı qətiyyən alınmamalıdır. Nazir müavininin mövqeyindən sonra Dövlət Gömrük Komitəsinin də əlinə fürsət düşməməlidir ki, xaricdən dərman gətirən vətəndaşları incitsinlər. Yaxud onların gətirdikləri dərmanları müsadirə etsinlər, gömrük rüsumuna cəlb etsinlər. Bu, yaxşı hal olmaz. Onsuz da Azərbaycan bazarında dərman qıtlığı var, dərmanlar bahadır. Əlavə olaraq bu cür yanaşma problemin həllinə yox, böyüməsinə gətirib çıxara bilər. Azərbaycanda keyfiyyətsiz dərmanların olmasının və dərmanların bahalaşmasının əsas səbəbini başqa yerlərdə axtarmalıyıq. Hörmətli nazir müavini də, məncə, bunu bilir. Sadəcə, səsləndirmək istəmirdi. Ümid edirəm ki, üçüncü oxunuşda bu məsələyə dair deputat həmkarım Hikmət Məmmədovun verdiyi sualı konkret faktlarla cavablandıracaq. Dövlət Gömrük Komitəsinin də əlinə fürsət düşməyəcək ki, vətəndaşlarımızın xaricdən öz müalicələri üçün gətirdikləri dərmanın müsadirəsini həyata keçirsinlər, burada da Səhiyyə Nazirliyinin mövqeyini əsas götürsünlər”.

Xəbərlər