“Belə bir zamanda terror hadisəsinin törədilməsi çox gizli məqamlardan xəbər verir”
“İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azırbaycan səfirliyinə qarşı törədilmiş terror hadisəsini qınayıram”.
Bu sözləri 1news.az-a açıqlamasında Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumla bağlı danışarkən Milli Məclisin deputatı Naqif Həmzəyev deyib.
“Göründüyü kimi İran-Azərbaycan münasibətlərində soyuqluq yaşandığı bir zamanda belə bir terror hadisəsinin törədilməsi çox gizli məqamlardan xəbər verməkdədir.
Çox təəssüflər olsun ki, Azərbaycan tarixində ilk dəfə olaraq xarici səfirliklərimizdə fəaliyyət göstərən diplomat və mühafizə xidməti əməkdaşlarından ilk şəhidimizi verdik. Həmçinin yaralılarımız da var. Allah şəhidlərimizə rəhmət etsin! Yaralılarımıza isə şəfa diləyirik!”
stənilən halda bu terroru törətmiş şəxs və ya şəxslərin, bu cinayətin arxasında duran qüvvələrin öz cəzalarını almasının vacib olduğunu qeyd edən N.Həmzəyev Tehran şəhərində polis xidmətinin məhz Azərbaycan səfirliyinin təhlükəsizliyini təmin etməməsinin və bu ərazidə ciddi nəzarət rejiminin tətbiq edilməməsinin bizi narahat etdiyini qeyd edib:
“Xüsusilə də həmin şəxsin “Kalaşnikov” avtomatı ilə səfirliyə yaxınlaşması onu deməyə imkan verir ki, bu ərazidə müəyyən boşluqlar olub və tam məsuliyyət İran tərəfini üzərində qalmaqdadır. Ancaq cinayət hadisəsi tam araşdırılmadan dəqiq fikir söyləmək, məncə, riskli olardı. İstənilən halda baş vermiş bu hadisənin ya İran tərəfindən bir siyasi mesajı olması kimi dəyərləndirilməlidir, ya da Ermənistan tərəfi İran-Azərbaycan münasibətlərini daha da gərginləşdirmək və bunu öz xeyrinə istifadə etmək niyyəti ola bilər. Ancaq bu hadisə İranda baş verməsinə görə İran tərəfindən ən qısa zamanda bu cinayətkarların doğru-düzgün araşdırılması və bu hadisənini törədilməsində əli olan bütün şəxslərin cəzalarını almasını təmin etməsini tələb edirik. Yalnız bu yolla bu problem müəyyən dərəcədə yumşaq formada öz həllini tapa bilər. İstənilən halda çalışmalıyıq ki, xaricdə olan bütün səfirliklərimizdə nəzarət və təhlükəsizlik xidmətlərini daha da gücləndirək, doplomatlarımızın həyatını qorumaq üçün bu addım atılmalıdır. Xaricdə olan hər bir Azərbaycan vətəndaşını da diqqətli olmağa, proseslərə maksimum dərəcədə həssas yanaşmağa çağırırıq”.