"Bayrağımızı yandıranla necə sülh bağlayaq?!"
Ərazilərimizə qeyri-qanuni silahlar daşıyan separatçı Ermənistan və havadarları Azərbaycan Ordusunun Dəmir Yumruğunu hiss etdikcə, bir az da azğınlaşır. Bütün bunlar dünya ictimaiyyətinin gözü qarşısında baş verir, amma onlar yenə də səssiz qalırlar. “Həftə içi”nə müsahibə verən Milli Məclisin deputatı Elman Nəsirov müəyyən məqamlara diqqət çəkib.
- Azərbaycan bayrağının Ermənistanda keçirilən beynəlxalq idman yarışında yandırılması istər ölkəmiz, istər beynəlxalq ictimaiyyət tərəfindən hansı əks-reaksiyanı almalıdır?
- Ermənistan paytaxtında Ağır Atletika üzrə Avropa Çempionatının açılış mərasimində Azərbaycan Dövlətinə qarşı həqarətli bir mövqe ortaya qoyuldu – bayrağımız yandırıldı. Sonra sosial şəbəkənin erməni seqmentində bizim bayraqla yanaşı, Türkiyə bayrağının da cırılması, aşağılanması kimi şəkillər paylaşıldı. Əslində, məsələni dərindən təhlil etsək, bu heç də təəccüblü görünmür. Ermənistanda terrorçuluq, faşizm dövlət siyasəti, ideologiyası səviyyəsinə qaldırılıb. Ermənistan paytaxtının mərkəzində 6 metr hündürlüyündə faşist Qareginə heykəl qoyulub, qəhrəmanlaşdırılıb, gənclər bu faşistə məhəbbət ruhunda tərbiyə edilirlər. Belə bir ideologiyaya sahib olan dövlətdə Azərbaycan bayrağı beynəlxalq idman yarışında yandırılırsa, buna yalnız Ermənistan dövlətinin mahiyyətindən xəbəri olmayanlar təəccüblənə bilər.
Biz Avropa İttifaqından Ermənistana gələn nümayəndə heyətinin faşist Qaragenə qoyulmuş heykəllə bağlı öz mənfi mövqeyini bildirdiyini heç bir dəfə də olsun müşahidə etmədik. Halbuki Avropa dövlətlərində faşist ideologiyası qadağan edilərək, onunla mübarizə elan olunub. Yəni bu ikilistandart var. İndi baş vermiş hadisəyə münasibətdə beynəlxalq birliklər, xüsusilə Avropa ölkələrinin beynəlxalq idman ictimaiyyəti, Avropa Çempionatını keçirən müvafiq idman qurumları öz reaksiyasını verməlidir. Ermənistanda beynəlxalq yarışların keçirilməsinə qadağa qoyulmalıdır. Biz belə adekvat reaksiyanın şahidi olmamışıq. Beynəlxalq idman ictimaiyyəti hadisələri kənar müşahidəçi qismində izləyir, Azərbaycanın hansı addımlar atacağını gözləyir. Avropa İttifaqı, Rusiya, Birləşmiş Ştatlar da öz bəyanatlarında bildirir ki, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasında maraqlıdırlar və istəyirlər ki, regionda davamlı, uzunmüddətli sülh bərqərar olsun. Azərbaycan bayrağını nümayişkaranə şəkildə yandıran Ermənistan dövləti ilə hansı sülh müqaviləsini bağlamaq olar ki?.. Eyni zamanada bayrağı yandıran şəxsin həbsi, onun cəzalandırılması baş verməlidir. Mən indi ondan ehtiyat edirəm ki, Azərbaycan Bayrağını yandıran ermənini də, Tehranda Azərbaycan səfirliyinə qarşı terror əməli həyata keçirən şəxs kimi dəli yerinə qoyub cinayət məsuliyyətinə cəlb etməkdən yayındırsınlar. Həmin şəxsin necə hərarətlə qarşılanmasına baxsaq, bu hadisəyə Ermənistanda münasibət bəllidir və bu o deməkdir ki, Azərbaycan bayrağının yandırılması Ermənistan siyasi rəhbərliyinin xeyir-duası ilə baş verib. Son anda həmin şəxsə “dəli” adı qoyacaqları da istisna deyil.
- Belə bir şəraitdə Azərbaycanın Ermənistanı sülh danışıqlarına cəlb etmək uğrunda çabaları hansı nəticə verə bilər? Biz danışıqlarda vasitəçilik edən dövlətlər, birliklər qarşısında hansı tələbləri qoymalıyıq?
- Azərbaycan danışıqlara getməklə sülh müqaviləsinin imzalanmasında hər zaman maraqlı olduğunu ifadə edir. Ermənistanın belə təxribatları törətməkdə əsas məqsədi odur ki, danışıqlar baş tutmasın, sülh müqaviləsi imzalanmasın və yaxud müddəti uzadılsın. Ermənistan mətbuatı məlumat yaymışdı ki, Vaşinqtonda Birləşmiş Ştatların vasitəsilə Azərbaycan-Ermənistan arasında danışıqlar başlanacaq. Belə təxribatlar həmin danışıqların başlanmasına bir əngəldir. Bunu da məqsədyönlü, planlı şəkildə həyata keçirirlər ki, ya danışıqlar baş tutmasın, ya da baş tutacağı təqdirdə fundamental məsələlər deyil, “atəşkəs, onun qorunub-saxlanması, regionda təhlükəsizliyə xidmət edən mühitin yaradılması, belə təxribatların baş verməməsi” kimi məsələlər müzakirə edilsin.
- ABŞ-ın vasitəçiliyilə danışıqlar baş tutarsa, son hadisələr kontekstində Birləşmiş Ştatlardan Ermənistana hansı qınaq və təsirlər ola bilər?
- Belə bir təsirin olacağını istisna edirəm. Birləşmiş Ştatlar ən yaxşı halda belə halların baş verməməsinə, sülh prosesinə maneə olması ilə bağlı çağırışlar edə bilər. Kəskin, dişli mövqenin ortaya qoyulması, Ermənistanın belə təxribatçı hərəkətlərini dərhal dayandırması və cinayətkarların cəzalandırılması kimi sərt tələblərlə rəsmi Vaşinqtonun çıxış edəcəyinə inanmıram. Bu inamsızlığın kökündə indiyə qədərki proseslərdə ABŞ-ın davranışı ilə bağlı səbəblər durur. Biz 30 il gözlədik ki, Birləşmiş Şrtatlar, Rusiya, Fransa bu münaqişəni həll edəcək. Bu, baş vermədi və nəhayət, məsələni özümüz güclə həll etdik.
– Başda Fransanın, İranın regionu bulandırmaq niyyətləri, rus sülhməramlılarının Qarabağda separatçılarla xoş davranışları, az qala, ərazilərimizə “ev sahibliyi” etməsi regionun hazırkı mərhəldə hansı təhlükə ilə üz-üzə qaldığını göstərir?
– Şübhəsiz ki, mürəkkəb bir dövrü yaşayırıq. Azərbaycanın qazandığı tarixi qələbəni həzm etməyən çoxsaylı beynəlxalq güclər var. Müzəffər Azərbaycan Prezidenti, onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalqımızın əldə etdiyi tarixi zəfər bir çoxlarının yuxusuna haram qatıb. Bunlar indiki reallıqla barışmaq istəməyərək, Azərbaycana qarşı müəyyən təzyiq mexanizmlərini işə salırlar. Bu prosesdə ənənəvi oyunçular olan Fransa, İran kimi dövlətlər var.
İran son zamanlar daha fəal şəkildə fransız və ermınilərdən çox, fransız və erməni olmaq istəyir. Eyni zamanda Rusiya sülhməramlıları ilə bağlı problemlər mövcuddur. Hər zaman bu çətinliklərlə, problemlərlə qarşılaşmışıq və həllinə nail ola bilmişik. Bütün bu reallıqlar fonunda indi həllini gözləyən məsələlərlə bağlı eyni xalq-hakimiyyət birliyindən, güclü ordumuzun olması reallığından, Türkiyə kimi nəhəng qardaş, dostumuzun olmasından çıxış edərək, Pakistan və İsrail kimi güclü dövlətlərin Azərbaycanın haqq işini müdafiə etməsi mənafeyinə söykənərək qarşıda dayanan problemlərin həllində də ciddi uğurlara imza ata bilərik. Qeyd edim ki, 2020-ci ildə tarixi zəfərə imza atan ordumuz, bu gün daha da güclənib, daha müasir silahlarla təmin olunub. Bu da həlledici faktordur. Azərbaycan dövləti fərqindədir ki, yenə də bizimlə köhnə oyunları oynamaq istəyirlər; sülhə çağırış, yenə də siyasi dialoq və sair məsələlərlə vaxtı uzadırlar. Azərbaycan Ali Baş Komandanının, Ordusunun da səbrinin bir həddi-hüdudu var. Cənab Prezident həmişə söyləyib ki, Dəmir Yumruq yerindədir, bunu unutmasınlar. İstənilən halda yenə də beynəlxalq hüquqa hörmətlə yanaşaraq, onun ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı kimi prinsipləri əlimizdə əsas tutaraq, siyasi danışıqlar nəticə verməyəcəyi təqdirdə antiterror əməliyyatları heçirtmək hüququna malikik, bunu reallışdırmaq əzmindəyik, buna gücümüz, potensialımız var. Ermənistan, onun havadarları heç zaman yaddan çıxarmasınlar.
- Niyə Avropa Birliyi Ermənistanı sülh müqaviləsini bağlamağa razı sala bilmədi? Əksinə, Ermənistanın səs-küyünə cavab verib sərhəddə mülki və jandarm missiyalarını daşıyır və Azərbaycana qarşı konfranslar keçirib, qətnamələr qəbul edirlər. Hansı məqsədlər güdülür?
- Əvvəla, “Avropa İttifaqı” deyəndə, nəzərə almaq lazımdır ki, bu qurum yekcins qüvvə deyil. Avropa İttifaqının tərkibində müxtəlif qurumlar var. Erməni mənafeləri qanunverici orqanda çox güclü şəkildə müdafiə olunur. Avropa Parlamenti bu gün korrupsiyaya uğramış Avropanın əsas strukturlarından biri kimi məşhurlaşıb. Avropa Komissiyası ilə xüsusilə enerji təhlükəsizliyi sahəsində münasibətlərimiz tərəfdaşlıq səviyyəsindədir və Avropa Komissiyası Azərbaycana yeni alternativ enerji mınbəyi kimi baxır, bu istiqamətdə əməkdaşlığımız günü-gündən genişlənir. Məsələ budur ki, Avropa İttifaqının iki lokomotiv dövləti var. Bunlardan biri, iqtisadi sahə üzrə Almaniya, digəri siyasi sahədə Fransadır. Fransanın da Ermənistanın böyük bacısı olduğu hər kəsə məlum olan həqiqətdir. Bütün bunlar, Fransa amili nəticə etibarilə Avropa İttifaqının Azərbaycana qarşı bir çox hallarda qərəzli davranışının əsas motivləri sırasındadır. Biz bunun fərqindəyik və ona qarşı kifayət qədər müqavimət potensialımız da var. Bunu Fransa da çox gözəl dərk edir. Bizi belə təzyiq və təhdidlərlə, anti-Azərbaycan qətnamələrti, bəyanatları verməklə sındırmaq qeyri-mümkündür. Azərbaycan bütün bu təzyiqlərə baxmayaraq, öz xəttini davam etdirir. Biz Avropa İttifaqının 9 ölkəsi ilə strateji tərəfdaşlıq sənədi imzalamışıq. Cənab Prezidentin Bosnya-Herseqovinaya səfəri, artıq Azərbaycanın strateji tərəfdaşlarının sayını daha da artırdı. Azərbaycanın haqq işini dərk edən və müharibənin nəticələrini qəbul edən, təqdir edən kifayət qədər dövlətlər də var. Fransa kimi dövlətlərin bu gün Avropa İttifaqında təsir imkanları böyükdür. Onlar açıq mətnlə Ermənistanı müdafiə edirlər. Bu da bizə yaxşı məlumdur ki, o qüvvələr eyni müdafiə ilə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə əngəl ola bilmədilər. Deməli, əsas odur ki, iradəmiz, gücümüz, potensialımız, müttəfiqlərimiz var və nəyin uğrunda mübarizə apardığımızın fərqindəyik. Sadaladığım bütün məsələlərin analizi o qənaəti yaradır ki, Avropa İttifaqının ayrı-ayrı siyasi qruplaşmaları və yaxud da parlamenti anti-Azərbaycan mövqeyi tutsa da, Avropa İttifaqı ümumən Azərbaycanı dəstəkləyir, yeritdiyi siyasəti müdafiə edir. Bir daha o fikrə qayıdıram ki, Avropa İttifaqına müvafiq qüvvə kimi baxmaq lazım deyil. Onun tərkibində müxtəlif qüvvələrin daşıyıcıları var və onların da böyük qismi Azərbaycanın yanındadır.
- Üçtərəfli saziş yerinə yetirilmir və beynəlxalq təşkilatların da Azərbaycana hansı münasibət sərgilədiyi faktlarla sübut olunub. Deməli, üçtərəfli sazişin yerinə yetirilməsi Azərbaycanın öz üzərinə düşə bilər. Bu istiqamətdə hədəflərimiz bizi hara aparır, vəziyyət nədir?
- Bəli, təəssüf hissi ilə qeyd etmək istərdim ki, 2020-ci ilin noyabrında qəbul olunan üçtərəfli sazişin mühüm bəndləri, xüsusilə də 4-cü bəndi icra olunmur. Qeyri-qanuni silahlı qüvvələrin Azərbaycan ərazilərindən çıxarılması həllini tapmayıb və Rusiya sülhməramlıları bu prosesdə heç də aktiv mövqeyə malik deyillər. Bu vəziyyətin özü bütün digər problemlərin yaranmasının fundamental səbəbidir. Əlisilahlı ermənilər, terrorçu qruplaşmalar Qarabağdan çıxarılsa, məhv edilsə bütün mənzərə dəyişəcək. Ona görə də bizim əsas hədəfimiz budur. Azərbaycana qarşı təxribatçı addımların mütləq əksəriyyəti məhz həmin o qeyri-qanuni silahlı birləşmələrdən gəlir. Ona görə də Azərbaycan üçtərəfli sazişin 4-cü bəndinin tam icrasını tələb edir. Bir daha qeyd edim ki, dövlətimizin, onun ali rəhbərliyinin, ordusunun səbrinin limiti var. Gərək qarşı tərəf bunu unutmasın. Biz sülh, danışıqlar yolu ilə məsələlərin tənzimlənməsini istəyirik. Ermənistan və havadarları bilməlidir ki, sülh yolunun alternativi müharibədir. Biz sülh istəyə-istəyə Ermənistan bizi müharibəyə vadar etdi. İndi də məsələlərin sülhlə həll olunmasını istəyirik. Bu mümkün olmadığı təqdirdə, həmin o terrorçu, separatçı qruplaşmaların ləğvini hərbi yolla həll etmək məcburiyyətində qala bilərik. Bunun bütün məsuliyyəti Ermənistanın, ona havadarlıq edən Fransanın, İranın və digər dövlətlərin üzərinə düşəcək. Bu, Azərbaycan Dövlətinin açıq mövqeyidir. Bunu Ölkə Prezidenti cənab İlham Əliyev dəfələrlə qeyd edib: “Bəli, biz sülh istəyirik, amma müharibəyə də hazırıq. Sülh yolu ilə tənzimlənməyən məsələlərin alternativ, güc tətbiqi ilə nizamlanması bizim hüququmuzdur”. Beynəlxalq hüquq, BMT Nizamnaməsinin 51-ci maddəsi bizə bunu həyata keçirmək üçün əsaslar verir.