Ümumi 10 Fevral 2023, 12:42 | Baxış sayı: 283
“Bakıda zəlzələ olacağı ilə bağlı məlumatlar doğru deyil, inanmayın”

“Bakıda güclü zəlzələ olacağı xəbəri doğru deyil. 2000-ci ildə 5,6 bal gücündə zəlzələ baş vermişdi. Bunu əvvəlcədən bilmək olmaz. Bakı seysmik zonaya – Şamaxıya yaxındır. Ona görə də bunun təsirləri ola bilər. Proqnozlaşdırmaq mümkün deyil. İnsanları zəlzələ ilə qorxutmaq çox məsuliyyətsiz bir addımdır. Belə həssas məqamda bu cür xəbərlərin yayılması çox ziyanlıdır. Çox vaxt bu xəbəri elmi mərkəzlər, böyük alimlər yaymır. Alimlərin sözləri təhrif olunub verilir, bu da hədsiz qorxulu mahiyyət daşıyır. Yolverilməzdir...”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, Yaponiya ərazisi zəlzələyə həssas olduğuna görə seysmologiya sahəsi ilə yapon alimləri daha çox məşğul olublar: “Onlar zəlzələdən yalnız bir neçə saniyə, yaxud dəqiqə öncə titrəyişləri qeydə ala bilirlər. Mobil telefonlara bununla bağlı məlumat verirlər. Amerikalılar bunun üzərində çoxdan işləyirlər. “Fat” deyilən sistem də yaradıblar. İddia edirlər ki, guya onlar 3 bal gücündə zəlzələ törədə bilərlər. Zəlzələlər o qədər böyük həcmlidir ki, məsələn, indiki zəlzələ qırılma xətti üzrə Anadolu platforması üzərində baş verib. O platformaları hərəkət etdirməkdən ötrü minimum 1500 atom bombası lazımdır. Ən üzdə olan zəlzələ 6-7 kilometr olur. Adətən 15 kilometr dərinlikdə də olur. Çoxlu qaz və enerji toplanır, sıxılmalar böyük təzyiq yaradır, nəticədə platformaları hərəkət etdirir. Belə olan halda, süni zəlzələ törətmək mümkün deyil. Guya bunun haqqında araşdırmalar aparılıb, amma mümkün olan şey deyil. Təbii zəlzələ yerin geoloji qatlarından doğan, olduqca böyük gücə malik hadisədir. Dünyada, təxminən, 25 minə yaxın nüvə başlığı var. Ən azı 10%-ni bir istiqamətə yönəltmək lazımdır ki, balaca titrəyiş olsun, zəlzələ baş versin. Süni zəlzələ törədilməsi məsələsi fərziyyədir. Zəlzələnin qarşını almaq da mümkün deyil. Anadoludakı zəlzələ 300-600 il arasında yığılmış təzyiqlərin təzahürüdür. Enerji toplanır, sonra belə titrəyiş baş verir. Belə olan halda, əvvəlcədən kimsə necə görə bilər ki, Bakıda güclü zəlzələ olacaq?”

 

T.Kərimli deyib ki, Bakıda 7 kilometri aşan dərinlikdə qaz, neft quyuları da qazırlar: “Müəyyən qədər bu da işə kömək edir ki, enerji çıxsın. Bəli, Bakıda hamının gözü qarşısında, ümumiyyətlə, Azərbaycanda keyfiyyətsiz tikililər hədsiz çoxdur. Bu, narahatlıq törətməyə bilməz. Bildiyim qədərilə, Türkiyədə də uçan binalar əsasən köhnə, yaxud sonradan iki-üç ayın içində tikilən beş-altı mərtəbəli binalar oldu. Bu, bir daha bizdən çəsuliyyət tələb edir ki, binalar hədsiz dərəcədə möhkəm tikilsin. Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bəyan edib ki, ən az adi binadan 40% artıq xərc qoyulmalıdır ki, 9 bal gücündə zəlzələyə tab gətirə bilsin. Allah eləməsin ki, təbiət bizi sınağa çəksin. Onsuz da ürəyimiz yaradır, Türkiyədəki fəlakətlə bağlı narahatlıq keçiririk. Xalqımızı səbirli olmağa, belə feyk xəbərlərə inanmamağa dəvət edirəm...”

Xəbərlər