Cəmiyyət 4 Aprel 2022, 16:41 | Baxış sayı: 190
"Bakıda klubda baş verən hadisəni Allahın qəzəbi və ya Rusiyanın təxribati adlandırmaq doğru deyil".

“Bakının gecə klublarının birində baş verən bədbəxt hadisə təxribat deyil, səhlənkarlıqdır. Qaz balonundan istifadə nəticəsində partlayış baş verib. Ehtiyatlı davranmaq, məsuliyyəti artırmaq lazımdır. Hadisə ilə bağlı araşdırma davam edir”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Eldar Quliyev deyib.

Ölkədə təxribatlar yalnız Qarabağda ermənilər tərəfindən törədilir. Onların qarşısı da, şükürlər olsun ki, Azərbaycan Ordusu tərəfindən məharətlə alınır. Qaldı ki, bu bədbəxt hadisəni Allahın qəzəbi adlandırmağa, bilmək olmaz. O kişinin (red: Allahın) işinə qarışa bilmərik. Əlbəttə ki, belə müqəddəs ayda içki, klub olmasa, daha yaxşı olardı, amma göründüyü kimi, sadəcə bədbəxt hadisədir. Fikrimcə, hər vaxt belə hadisələr baş verə bilər. Sadəcə olaraq, ehtiyatlı davranmaq və tapşırıqlara əməl etmək lazımdır. 

 Nigar Arpadarai isə deyib ki,ilkin araşdırmaya görə partlayışın səbəbi kimi propan qaz balonunun partlaması göstərilib. Məsələ araşdırılmalı, nəticələr ictimaiyyətə təqdim olunmalıdır. 

Deputat Cavanşir Paşazadə isə deyir ki, klubda baş verən  Azərbaycan sivil və dünyəvi ölkədir, yəni insanların inanclarına qarışmaq olmaz: “Ona görə də baş verən hadisəni orucluqla əlaqələndirmək istəməzdim. Gənclərdir, kim istəyirsə, gecə klubunda əylənir. Bədbəxt hadisəni başqa məsələlərlə əlaqələndirmək doğru olmaz. Təəssüf ki, belə hadisələrdən heç kim sığortalanmayıb.

Tahir Rzayev: "Bu bədbəxt qəzanı Allahın qəzəbi və ya Rusiyanın təxribati adlandırmaq doğru deyil: “Hazırda istintaq işi davam edir, araşdırma aparılır. Sözsüz ki, araşdırmalar yekunlaşandan sonra məsələ daha aydın olacaq. Ona görə də qabaqcadan belə fikirlər səsləndirərək çaşqınlıq yaratmağı doğru hesab etmirəm. Bu, insanları qıcıqlandırır və müəyyən hadisələrə don geyindirir. Bədbəxt hadisə hər yerdə, hər vaxt baş verə bilər. Yəni, inzibati qurumlar qəti qərara gəlməmiş həmin partlayışın təxribat olduğunu iddia etmək əsassızdır. Ölkədə təhlükəsizlik hər zaman təmin edilir. Azərbaycan vətəndaşı tamamilə təhlükəsiz ölkənin vətəndaşıdır. Məncə, təxribat olsaydı, əhalinin daha sıx toplaşdığı yerlərdə törətməyə cəhd edilərdi. Hadisə mətbəxdə baş veribsə, deməli, səhlənkarlıq ucbatındandır".

Xəbərlər