Ümumi 1 İyun 2023, 15:37 | Baxış sayı: 100
“Bakı Enerji Həftəsinə maraq ildən-ilə yüksəlir”

“Artıq uzun illərdir ölkəmiz mötəbər regional və beynəlxalq tədbirlərə yüksək peşəkarlıqla ev sahibliyi edir, iqtisadi, siyasi, elmi, humanitar məsələlərin, mürəkkəb proseslərin müzakirə olduğu məkan kimi tanınır. Həmçinin Azərbaycan dünya miqyaslı idman yarışlarının yüksək təşkilatçılıqla keçirildiyi ölkə olaraq nümunə göstərilir və beynəlxalq ictimaiyyət tərəfindən təqdir olunur. Sözsüz ki, bu da ölkəmizin hərtərəfli sürətli inkişafının, burada bərqərar olan siyasi sabitliyin göstəricisidir. Yenə də gözəl və əzəmətli Bakımız qonaqlı-qaralıdır, paytaxtımızda regionun neft-qaz və enerji sektorunda ən nüfuzlu tədbiri olan Bakı Enerji Həftəsi keçirilir. Bu çərçivədə 28-ci Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışı baş tutub. Əgər ötən il sərgilərə 30 ölkədən 249 şirkət qatılmışdısa, artıq bu dəfə 38 ölkədən 331 şirkət iştirak edir. Bu da tədbirə olan beynəlxalq marağın ildən-ilə yüksəldiyini və artan əhəmiyyətini göstərir”.

 

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

 

“Dövlətimizin başçısı cənab İlham Əliyevin hər il şəxsən sərgilərlə tanış olması, orada çıxış etməsi, yüksək səviyyəli qonaqlarla, dövlət xadimləri və beynəlxalq enerji ekspertləri ilə görüşməsi tədbirin statusunu daha da artırır. Həmçinin ABŞ Prezidenti Cozef Baydenin və Böyük Britaniyanın Baş naziri Rişi Sunakın bununla bağlı Prezident İlham Əliyevə məktub ünvanlaması Bakı Enerji Həftəsinə ən ali səviyyədə olan diqqətin təzahürüdür. Hər iki məktubda səslənən fikirlərdən bir daha aydın olur ki, Azərbaycan dünyanın ən aktual və narahatlıq doğuran məsələlərinin həllində öndə gedən ölkələrdəndir. Onun reallaşdırdığı neft-qaz layihələrinin önəmi bu gün göz qabağıdadır və bütün dünya üçün əlverişlidir. Eləcə də sübut edir ki, dünyanın enerji bazarının inkişafı, bu sahədə yeni layihələrin reallaşdırılması yalnız Azərbaycanın dəstəyi ilə baş tuta bilər. Hər kəs fərqindədir ki, Azərbaycan etibarlı tərəfdaşdır, sözü və əməli üst-üstə düşür”, - AHİK sədri bildirib.

 

“Dövlətimizin başçısı çıxışında qarşıda duran vəzifələrin anonsunu da verdi. Azərbaycan Avropa bazarına qaz təchizatını bu il 12 milyard kubmetrə çatdırmağı hədəfləyir, 2027-ci il üçün isə bu, 20 milyarda kubmetrə çatırılacaq. Təbii ki, bu da ölkəmizin iqtisadi qüdrətini daha da artıracaq, maliyyə imkanlarını genişləndirəcək. Həmçinin Azərbaycanda “yaşıl enerji” potensialı da xeyli yüksəkdir, ölkəmizdə küləkli və günəşli günlərin çox olması bu sahənin inkişafına geniş imkanlar açır. Hazırda bu istiqamətdə də fəal iş aparılır. Bu da ölkəmizin enerji potensialına əlavə güc qatacaq”, - Səttar Möhbalıyev vurğulayıb.

Xəbərlər