Siyasət 24 Avqust 2023, 17:32 | Baxış sayı: 81
"Bakı bütün ssenarilərə, müharibə ehtimalına hazırdır"

Azərbaycan dövləti xarici siyasətində hər zaman beynəlxalq hüququn prinsiplərini rəhbər tutub. Qonşu ölkələrlə, eləcə də digər dövlətlərlə münasibətlər bunun üzərində qurulub. Azərbaycan öz maraqlarını qanun çərçivəsində müdafiə edir, ədalətə söykənən mövqeyini beynəlxalq arenada ifadə etməkdən çəkinmir. 

30 ildən bəri işğal altında qalmış Qarabağ ərazilərinin də azad edilməsi məhz beynəlxalq hüquq çərçivəsində reallaşdı. BMT-nin çıxardığı 4 qətnamənin tələblərini Azərbaycan öz siyasi iradəsi və hərbi gücü hesabına həyata keçirdi. 

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov açıqlamasında deyib ki, çoxşaxəli tarazlaşdırılmış xarici siyasət həyata keçirən Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, biz beynəlxalq hüququn norma və prinsiplərinə riayət edir, bütün dövlətlərlə dinc yanaşı yaşamağa səy göstərir və beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq və mehriban qonşuluq prinsiplərinin bərqərar olunmasına çalışırıq.

O bildirib ki, bu xəttə sadiq qalan Azərbaycan Vətən müharibəsindəki şanlı Zəfəri ilə bu niyyətlər üçün perspektivlər açan yeni reallıq yaratdı və bu çərçivədə Ermənistanla dayanıqlı sülh üzrə proses başlatdı:

"Lakin ötən 3 ilə yaxın periodda biz görürük ki, Ermənistan nəinki regionda sülh və sabitlik arzu etmir, əksinə Ermənistan özünün revanşist niyyətini reallaşdırmaq üçün fürsət güdür. İlk növbədə İrəvan destruktiv mövqeyi ilə nə Moskva, nə Vaşinqton, nə də Brüssel prosesində irəliləməyə imkan vermir. Daha sonra, bütün mümkün situasiyalarda Azərbaycana siyasi hücumlar təşkil edir və bu işdə qərbdəki havadarlarının xüsusi fəallığını görməkdəyik.
Həmçinin ötən ilin oktyabrında Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edən, bu il isə bəyanatını rəqəmlərdə ifadə etməklə "Qarabağ Azərbaycandır" deyən Paşinyan hakimiyyəti, Azərbaycanın suveren haqları ətrafında "humanitar fəlakət" şousu yaratmaqla bizi çətin duruma salmağa cəhd etdilər". 

Deputat qeyd edib ki, Azərbaycan Prezidentinin direktivləri əsasında vahid hücum siyasətimizlə həm Beynəlxalq Ədalət Məhkəməsi, həm də BMT TŞ-də Ermənistan da, havadarları da yerinə oturduldu. 

"Bu günlərdə isə İrəvan artıq sonuncu vasitəyə, hərbi təxribatlara son çarə kimi baxmaqdadır. 

Bildiyiniz kimi, Ermənistan fərari ordu hissələrini Azərbaycanla şərti sərhəddə cəmləşdirməyə başlayıb, habelə çox sıx intervallarla istər şərti sərhəd boyu, istərsə də Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasından mövqelərimiz atəşə tutulmaqdadır. Bu mənada separatçıların aktivləşməsinə, yeni hərbi təxribat planları qurmasına əlahiddə özfəaliyyət kimi yanaşmamalıyıq. Bu, Ermənistan tərəfindən planlaşdırılan, Fransa başda olmaqla havadarları bəzi qərb dairələri tərəfindən dəstəklənən kompleks fəaliyyətin bir hissəsidir. 

İndiki məqamda mediada yayılan, adı açıqlanmayan mənbələrdən verilən məlumatlardan daha çox biz gördüyümüzə istinad etməliyik, peyk görüntülərindən isə istər Ermənistanın, istər separatçıların açıq hərbi qarşıdurmaya hazırlaşdığını müşahidə edirik. 

Yəni regionda hərbi təxribatların olacağı aydındır".

B.Məhərrəmovun sözlərinə görə, Ermənistan yeni mümkün müharibədə şansının olmadığını başa düşür, lakin müharibəyə məzlum tərəf kimi tanınmaq üçün fürsət kimi baxır:

"Görünən odur ki, İrəvan əsl reallığı qəbul etmək istəmir və yeni gərginlik arzusundadır. Əlbəttə, biz bunu arzu etmirik, lakin istənilən təcavüz aktı qarşısında da cavabsız dayanmaq niyyətimiz yoxdur. Azərbaycanın həm gücün hüququ, həm də hüququn gücü ilə bəri başdan qalibiyyəti şübhə doğurmur".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyev Azərbaycan ətrafında elə geosiyasi situasiya formalaşdırıb ki, zaman Ermənistanın əleyhinə işləyir:

"Bakı özü isə bütün ssenarilərə hazırdır, o cümlədən müharibə ehtimalına. Dövlət başçısı özü də açıq mətnlə dəfələrlə bildirib ki, mümkün revanş cəhdi və müharibə ssenarisi Ermənistan üçün son olacaq" .

Səfərbərlik məsələlərinə gəlincə isə, deputat əlavə edib ki, Azərbaycanın yalnız Qarabağ və Şərqi Zəngəzurdakı mövcud qüvvələri istənilən təxribatın qarşısını almağa və düşmənin cavabını verməyə hər an hazırdır və əlavə səfərbərlik tədbirlərinə ehtiyac yoxdur:

"Qanunvericiliklə hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə il ərzində bir neçə dəfə təşkil olunan hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Mediamız da bu kimi məsələlərdə xüsusi diqqətli olmalıdır" .

demokrat.az

Xəbərlər