"Bacısı üçün narahatlıq keçirən İran istənilən zaman Ermənistan vasitəsilə təxribat və təhlükə törədə bilər"
“Cənub qonşumuz - İrandan hər an istənilən təxribatı gözləmək olar”.
Bu sözləri Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Cebhe.info-ya açıqlamasında İsrailin xarici işlər naziri Eli Kohenin rəhbərliyi ilə geniş nümayində heyətinin Azərbaycana rəsmi səfərini şərh edərkən bildirib:
“İran adlanan ölkə Ermənistanın bacısıdır. İrandakı molla rejimi öz bacısı Ermənistan üçün çox narahatlıq keçirir. Təcavüzkar ölkəyə hərtərəfli dəstək verir.
Eyni zamanda həm İran, həm də Ermənistan terrorçuluq və digər qeyri-qanuni işlərin həyata keçirilməsi istiqamətində çox fəal əməkdaşlıq edirlər. Hər iki ölkə Azərbaycana təhlükədir. Azərbaycanın erməni işğalçıları üzərində möhtəşəm qələbəsi İranı çox sarsıdıb.
Ona görə ki, Azərbaycanın qələbəsinə İsrailin çox böyük töhfələri olub. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Türkiyə ilə yanaşı İsrail istehsalı müasir silahlarla erməni ordusunu darmadağın edib. Bununla bərabər, istər İsraildə, istərsə də dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və yəhudilər əl-ələ verib Azərbaycanın şanlı qələbəsini qeyd etdilər.
Təbii ki, bacısı üçün narahatlıq keçirən İran istənilən zaman Ermənistan vasitəsilə təxribat və təhlükə törədə bilər. Buna heç kəs şübhə edə bilməz. Amma Azərbaycan kifayət qədər güclü dövlətdir və bütün təxribatları qarşısını almaq iqtidarındadır”.
Deputatın sözlərinə görə, Ermənistan Azərbaycanla hesablaşmaq məcburiyyətindədir:
“Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tanımalı, həmçinin Azərbaycanla beynəlxalq hüquq çərçivəsində sülh müqaviləsi imzalamalıdır. Əksi təqdirdə Ermənistanın mövcudluğu sual altında olacaq”