""Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş hadisəni təxribat adlandırmaq məntiqə uyğun deyil".
""Azərsun Sənaye Parkı”nın ərazisində baş vermiş hadisəni təxribat adlandırmaq məntiqə uyğun deyil. Hansısa təxribatın həyata keçirilməsindən danışmağı düzgün hesab etmirəm. Yanğın hər bir ölkədə baş verə bilər, bədbəxt hadisədir. Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda elə müharibələrdən əvvəl də çoxlu yanğınlar olub. Yanğınlar müxtəlif səbəblərdən, təhlükəsizlik normalarının qorunmaması və ya müəyyən şəxslərin məsuliyyətsizliyi ucbatından, həmçinin, təbii proseslərdən qaynaqlanaraq baş verə bilər".
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat qeyd edib ki, hadisənin təxribat əməli olduğunu iddia etmək və yanlış ictimai rəy yaratmaq düzgün deyil: "Müvafiq qurumlar yanğının baş vermə səbəblərini araşdırırlar. Ümumiyyətlə, Rusiyanın Azərbaycanda təxribat törətməsi üçün hansısa səbəb olduğunu düşünmürəm. Azərbaycan qonşuluq münasibətlərinə yüksək səviyyədə diqqət yetirən dövlətdir. Ona görə də digər qonşu dövlətlərlə olduğu kimi, Rusiya ilə də sıx əlaqələrimiz mövcuddur. Nəzərə almaq lazımdır ki, Azərbaycan və Rusiya dövlətləri arasında müttəfiqlik haqqında sənəd də imzalanıb. Belə vəziyyətdə Rusiyanın Azərbaycana qarşı təxribat əməlindən danışmağı yersiz hesab edirəm. Azərbaycan balanslı və müstəqil siyasət yürüdür. Dövlətimiz tərəfindən təkcə Ukraynaya deyil, köməyə ehtiyacı olan bir çox ölkəyə humanitar yardımlar göndərilib. Yəni, humanitar yardım hansısa təxribat əməlinin reallaşdırılması üçün əsaslı səbəb ola bilməz".