Siyasət 31 May 2023, 15:27 | Baxış sayı: 193
“Azərbaycanda təhlükəsizliyin qorunmasında “Mossad”ın təcrübəsindən istifadə edilir”

“İsrail Azərbaycana hər zaman dost dövlət olub və hər zaman Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü  dəstəkləyib”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib.
 
Deputat deyib ki, İsrail dövləti 30 il ərzində Qarabağ probleminin sülh yoluyla azad olunması istiqamətində Azərbaycanın təkliflərini bütün platformalarda dəstəkləyib:

“Digər tərəfdən, Azərbaycanla İsrail arasındakı münasibətlər ümummilli lider Heydər Əliyevin azərbaycançılıq konsepsiyası əsasında formalaşıb".


Musa Quliyev qeyd edib ki, Azərbaycanda yaşamış, sonradan isə İsrailə köçmüş yəhudilərin burada yaratdıqları Azərbaycan icması iki ölkə arasında münasibətləri daha da yaxınlaşdırdı:

“Bundan sonra münasibətlərimiz səmimi dostluq şəraitində inkişaf etdi. Bu gün Azərbaycan ilə İsrail arasında iqtisadi, hərbi, mədəni əlaqələr də kifayət qədər güclüdür. Biz bunu 44 günlük Vətən müharibəsində də şahid olduq. Belə ki, həmin vaxtlar İsrail hərbi texnologiyası 44 günlük Vətən müharibəsində Azərbaycanın qələbə qazanmasında mühüm rol oynadı. 

Digər tərəfdən, İsrail dəfələrlə Azərbaycanın haqq işini dəstəkləyib. Cənab Prezident torpaqlarımız işğaldan azad olunanda verdiyi ilk mesajlardan biri bu oldu ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur torpaqlarının minalardan təmizlənməsi, yenidən qurulması, burada məskunlaşma proseslərinə hazırlıq işlərində bizə dost dövlətlərin, o cümlədən də İsrailin çox mühüm rolu olub. Bu da iki ölkə arasında mühüm münasibətlərin bir ifadəsi idi. 

Digər tərəfdən, kəşfiyyat işlərində bilirsiniz ki, İsrail dövləti olduqca böyük nailiyyətlər əldə etmiş dövlətdir. Yəni, “Mossad” təşkilatı böyük təcrübəyə və biliyə malik təşkilatdır. Belə ki, Azərbaycanın milli təhlükəsizliyin qorunmasında da onun təcrübəsindən istifadə edilir”.

Deputat əlavə edib ki, İsrail Prezidentinin Bakıya səfəri və burada verdiyi mesajlar Azərbaycanı təkcə regionda deyil, dünyada nüfuzlu bir dövlət kimi tanıdır:
 
“Təbii ki, bütün bunlar da Azərbaycanın imicinin yüksəlməsinə səbəb olacaq. Məlumdur ki, İsrail lobbisi və İsrailin müxtəlif ölkələrdəki biznes və yaxud siyasət aləmində olan tanınmış şəxsləri də bu işdə Azərbaycana dəstək verəcəklər. 

Bununla yanaşı, Ermənistan-Azərbaycan münaqişəsinin həqiqət yolu ilə Azərbaycanın təklif etdiyi haqq, qanun, ədalət yolu ilə həll olunmasında da bu səfərin böyük əhəmiyyəti olacaq. İstənilən halda bu, bizim dostluq və əməkdaşlıq münasibətlərimizi yeni bir müstəviyə daşıyacaq”.
 

Xəbərlər