Siyasət 13 Oktyabr 2023, 16:21 | Baxış sayı: 133
"Azərbaycanın suverenliyinin tam bərpası sülhə nail olunması üçün imkanlar yaradır"

Azərbaycan müstəqillik illərində Ermənistanın 30 il davam edən işğalı zamanı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində fəal siyasət həyata keçirib. Eyni zamanda bu dövrdə iqtisadi və hərbi qüdrətini artıran Azərbaycan 2020-ci ildə 44 günlük Vətən Müharibəsi nəticəsində öz gücünə ərazilərini erməni işğalından azad etdi. Bununla, ərazi bütövlüyünü bərpa edən dövlətimiz ötən ay ordumuz tərəfindən Qarabağda keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyini tam təmin etdi.

Bunu açıqlamasında Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyinin tam bərpa olunması ümumilikdə regionda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır: “ATƏT-in Minsk qrupunun vasitəçiliyilə 30 il davam edən danışıqlar prosesi heç bir nəticə vermədi. Bu prosesin iflasa uğraması göstərir ki, beynəlxalq təşkilatlarda, o cümlədən ATƏT və BMT-də köklü dəyişikliklər, islahatlar aparılmalıdır”.

Fatma Yıldırım qeyd edib ki, Ermənistan 30 il ərzində danışıqlar prosesində səmimi olmadığı kimi, 44 günlük müharibədən sonra da eyni mövqe nümayiş etdirir: “Biz bilirik ki, işğalçı Ermənistan 30 il ərzində danışıqlar prosesinin imitasiyası ilə məşğul oldu, gerçəkdə isə sülhdə maraqlı deyildi. Ona görə də, Azərbaycan məcbur olub öz gücünə torpaqlarını işğaldan azad etdi. Vətən müharibəsində ağır məğlubiyyətə uğrayan Ermənistan yenə də üzərinə götürdüyü öhdəliklərə əməl etmir. 10 noyabr üçtərəfli bəyanatın 4-cü bəndinə əsasən Ermənistan ordusunun qalıqları Qarabağ ərazisindən çıxarılmalı idi. Amma 3 il ərzində rəsmi İrəvan bunu etmədi, əksinə, Laçın yolu vasitəsilə Qarabağdakı erməni separatçılarını silahlandırmaqda davam etdi. Üstəlik, Paşinyan sentyabrın 2-də qondarma “DQR”in “yaradılmasının ildönümü” ilə bağlı separatçıları təbrik etdi. Bütün bunlar dövlətimizin gücü hesabına öz ərazisində separatizmin, qanunsuz rejimin ləğv olunması ilə nəticələndi”.

Deputat nəzərə çatdırıb ki, Azərbaycan həm 30 illik erməni işğalı müddətində, həm İkinci Qarabağ müharibəsində, həm də antiterror tədbirləri zamanı bütün humanitar normalara riayət edib: “Antiterror tədbirləri zamanı mülki əhalinin zərər çəkməməsi, mülki infrastruktur və mülki obyektlərin hədəfə alınmaması BMT missiyası tərəfindən də təsdiqlənib. Prezident İlham Əliyev də oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən bildirib ki, Azərbaycan beynəlxalq hüququ pozmayıb, biz öz ərazimizdə döyüşmüşük, separatizmi aradan qaldırmışıq, bütün humanitar normalara, Cenevrə Konvensiyasına əməl etmişik. Hazırda Azərbaycan Qarabağ ermənilərinin reinteqrasiya üçün müvafiq addımlar atır. bu məqsədlə portal yaradılıb, eləcə də sakinlər əyani olaraq Xankəndidə müvafiq dövlət qurumlarımızın əməkdaşlarına yaxınlaşaraq müraciət edə bilərlər. Əgər Ermənistan sülhə gələrsə regionumuz bundan sonra təhlükəsizlik və əməkdaşlıq şəraitində yaşaya bilər. Amma görünür ki, rəsmi İrəvan sülhə maraqlı deyil. Nikol Paşinyanın Bişkəkə səfərdən imtina etməsi, yəqin ki, havadarlarının tapşırığı ilə baş tutub. Amma erməni tərəfi anlamalıdır ki, sülhdən qaçmaq ilk növbədə özlərinə ziyandır. Ona görə də, Ermənistan hakimiyyəti regionumuzda sülhü istəməyən xarici qüvvələrin əlində alət olmamalıdır”.

APA

Xəbərlər