Siyasət 14 Oktyabr 2022, 13:40 | Baxış sayı: 231
“Azərbaycanın Rusiya əleyhinə səs verməməsi hər iki dövlətlə yüksək səviyyəli münasibətlərinin olması ilə bağlıdır”

“BMT-nin Baş Assambleyası böyük səs çoxluğu ilə dünya ölkələrini Ukraynanın dörd regionunun Rusiya tərəfindən ilhaq cəhdini pisləyən və Moskvanı bu ilhaq üçün keçirilmiş referendumların nəticələrindən imtina etməyə çağıran qətnamə qəbul edib. Azərbaycan səsvermədə iştirak etməyib və hesab edirəm ki, bu, ölkəmizin Rusiya və Ukrayna ilə yüksək səviyyəli münasibətlərinin olması ilə bağlıdır. Bu gün ölkəmizi səsvermədə iştirak etmədiyinə görə tənqid edənlərə sual verirəm: onlar torpaqlarımız 30 ildə işğal altında saxlandığı zaman erməni işğalçılarına qarşı hər hansı bir addımın atılması ilə bağlı məsələni BMT-dən niyə tələb etmədilər?”

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

 

“Azərbaycanı tənqid edən ölkələr müharibənin bitdiyi iki il ərzində minalanmış ərazilərin dəqiq xəritəsinin və Birinci Qarabağ müharibəsində itkin düşmüş 3900-ə qədər vətəndaşımız haqqında məlumatların verilməməsinə görə niyə Ermənistanı ittiham edib pisləyən qətnamələr qəbul etmirlər? İşğaldan azad olunmuş ərazilərdə aşkar olunmuş kütləvi məzarlıqlarda azərbaycanlıların işgəncəyə məruz qoyaraq amansızcasına qətlə yetirilmələrinə görə BMT-də niyə səslərini çıxarmırlar? 1993-cü ildə BMT Təhlükəsizlik Şurasında erməni hərbi birləşmələrinin ərazilərimizdən qeyd-şərtsiz çıxarılması ilə bağlı qəbul olunmuş 4 qətnamə 27 ildə niyə icra olunmadı və biz öz gücümüzlə icra etməyə məcbur edildik? Suallar çoxdur.  Amma bütün sualların bir cavabı var: beynəlxalq hüquq və ədalətin bərpasından danışan təşkilatlar müəyyən dairələrin maraqlarına xidmət edirlər və yalnız o ölkələr istəyəndə qərarlar icra olunmağa başlanır. Nə qədər ki dünyada ikili standartlar var, müharibələr və özbaşınalıqlar da davam edəcək. Azərbaycan isə onlardan fərqli olaraq, 30 il azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş Ermənistana sülh əlini uzadaraq düşmənçilik səhifəsinin bağlanmasını və yeni səhifənin açılmasını təklif edib”.

Xəbərlər