İqtisadiyyat 15 Fevral 2023, 16:29 | Baxış sayı: 208
“Azərbaycanın energetika sistemi daha da güclənəcək”

Prezident İlham Əliyev bir neçə gün əvvəl fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışında ölkəmizin enerji siyasətinin perspektivlərinə dair mühüm məqamları diqqətə çatdırdı. Cənab Prezident bildirdi ki, bu stansiyanın tikilməsi ölkəmizin enerji potensialını mühüm dərəcədə gücləndirəcək və Mingəçevirin Azərbaycanın elektroenergetika mərkəzi kimi önəmini daha da artıracaq. 2025-ci ildə Mingəçevir şəhərində bu yeni elektrik stansiyasının açılışı olacaq.

Mingəçevir şəhərinin Qafqazın enerji mərkəzinə çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz onun rəhbərliyi və təşəbbüsü ilə 1976-cı ildə Mingəçevirdə təməli qoyulmuş böyük elektrik stansiyasının 1981-ci ildə şəxsən onun özünün iştirakı ilə birinci blokunun açılışı olmuşdu. Ümumi generasiya gücü 2400 meqavat olan stansiya ölkəmizin nəinki enerji potensialını, ümumiyyətlə, sənaye potensialının böyük hissəsini ödəyərək imkan verdi ki, hətta müstəqilliyimizin ən ağır illərində, ilk illərdə Azərbaycanda elektrik enerjisi ilə təchizat təmin edilsin. 2018-ci ildə isə bu stansiyanın yenidən qurulması prosesinə start verildi və 2020-ci ildə stansiya öz əzəli gücü ilə yenidən işləməyə başladı. Mingəçevir Elektrik Stansiyasının önəmi İkinci Qarabağ müharibəsi zamanında da özünü göstərdi.

İndi isə Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır və təxminən 1300 meqavat gücündə olacaq bu yeni stansiya bizim potensialımızı əhəmiyyətli dərəcədə gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə növbəti yeni töhfə olmaqla yanaşı, həm də burada yüzlərlə yeni iş yerləri yaranacaq.
Yeni tikiləcək stansiyada şərti yanacağın sərfiyyatının kifayət qədər aşağı olması ildə təqribən 800 milyon kubmetr və ya 1 milyard kubmetr qaza qənaət etməyə imkan verəcək. Bu da bu gün Azərbaycan qazına böyük tələbat duyan Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.

Mingəçevirdə artıq güclü elektroenergetika infrastrukturu mövcud olduğuna görə bu stansiyaya sərf ediləcək vəsait bir qayda olaraq, bu böyüklükdə stansiyaların tikintisinə sərf olunan vəsaitdən 3-4 dəfə aşağı olacaq.
Stansiya xarici tərəfdaşlarla birlikdə inşa ediləcək və onun tikintisində İtaliya və Çin şirkətləri də iştirak edəcəklər. Ümumiyyətlə, energetika sahəsində İtaliya ilə əməkdaşlıq ənənəvi xarakter daşıyır. Azərbaycan neftinin böyük hissəsi İtaliya bazarına çatdırılır və iki ildən artıqdır ki, Azərbaycan qazı da İtaliya bazarına çatdırılır. TAP layihəsi bizim birgə uğurumuzdur. Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, onun son məntəqəsi İtaliyadır və yol boyunca bir neçə ölkə Azərbaycan qazından faydalanır.

Yaxın gələcəkdə Azərbaycanın elektrik enerjisi də neft və qaz kimi Avropa məkanına çatdırılacaq. Bu məqsədlə keçən ilin dekabr ayında müvafiq anlaşma imzalanmışdır və Azərbaycanın potensialı, o cümlədən yaşıl enerji potensialı Avropa üçün yeni imkanlar açacaqdır.

Ümumiyyətlə, Azərbaycanda elektroenergetika sahəsi son illər ərzində çox sürətlə və uğurla inkişaf edib. Son 20 il ərzində Azərbaycanda 34 elektrik stansiyası inşa edilib və bu stansiyaların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Hazırda bizim ümumi generasiya gücümüz 7200 meqavatdır, onun 3400 meqavatı son 20 ildə yaradılıb.

Bundan başqa, Azərbaycan azad edilmiş torpaqlarında bu ilin sonuna qədər cəmi 3 il ərzində 200 meqavatlıq enerji gücü yaratmış olacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, biz o bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradaq.

Ölkəmizdə bərpaolunan enerji növlərinin inkişafı üçün də çox böyük potensial var. Təkcə Xəzər dənizinin külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Hazırda inşa edilən və yaxın gələcəkdə inşası nəzərdə tutulan günəş və külək elektrik enerjisi stansiyaları Azərbaycanın energetika sistemini daha da gücləndirəcək.

Xəbərlər