İqtisadiyyat 27 Aprel 2023, 15:07 | Baxış sayı: 212
“Azərbaycanın Avropada enerji təhlükəsizliyinin gücləndirilməsində rolu günbəgün artmaqdadır”

Bir neçə gün əvvəl aprelin 25-də Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan), “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması bütün dünyada maraqla qarşılandı. Mərasimdə çıxış edən Prezident İlham Əliyev bu Anlaşma Memorandumunun əhəmiyyətindən danışdı, onu enerji resurslarının daha da şaxələndirilməsi, o cümlədən enerji təhlükəsizliyinin gücləndirilməsi istiqamətində çox mühüm addım adlandırdı.

Ölkə başçımız bildirdi ki, Yunanıstan ilə Bolqarıstan arasında interkonnektor vasitəsilə inteqrasiya layihəsi Azərbaycanın təbii qaz təchizatının coğrafiyasını genişləndirmək imkanı yaratdı. Bu layihə Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə artıq töhfə verir. Azərbaycan Avropanın, nəinki enerji, o cümlədən bir sıra digər sahələrdə də etibarlı tərəfdaşıdır. İmzalanmış bu Anlaşma Memorandumu icra olunduqdan sonra isə Avropada enerji təhlükəsizliyini birmənalı olaraq gücləndirəcək və Azərbaycan üçün daha çox Avropa ölkəsinə daha çox qaz ixrac etməyə fürsət yaradacaq.

Bir ay əvvəl Bolqarıstan Prezidenti Radevin Azərbaycanda rəsmi səfərdə olduğunu xatırladan Prezident İlham Əliyev bildirdi ki, bu fakt ölkələrimiz arasında əməkdaşlıq səviyyəsini göstərir. O, siyasi dialoqun dinamikasını nümayiş etdirir və göstərir ki, Bolqarıstan və Azərbaycan nəinki strateji tərəfdaş, o cümlədən əsl dost ölkələrdir. Bununla yanaşı, Avropa İttifaqının 9 üzv dövləti ilə Azərbaycan “Strateji Tərəfdaşlıq haqqında” Bəyannamə və ya Sazişlərə imza atıb və qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri Azərbaycanın strateji tərəfdaşıdır və bu tərəfdaşlığın çox güclü gələcəyi var.

Ötən ilin iyul ayında imzalanmış Azərbaycan və Avropa Komissiyası arasında “Enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” əsasında isə Azərbaycan 2027-ci ilə qədər Avropa İttifaqı bazarına qaz təchizatını iki dəfə artırmağı planlaşdırır. Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana və İtaliyaya ixrac edilir. Bu ildən başlayaraq qaz Rumıniyaya da çatdırılır. Əgər bütün lazımi interkonnektorlar olarsa, bu ilin sonundan etibarən ölkəmiz Macarıstana və Slovakiyaya da qaz təchizatına başlayacaq və bu ölkələrin sayının artırılmasını planlaşdırırıq.

Təbii qaz Azərbaycanın Avropaya ixrac etdiyi yeganə enerji məhsulu deyil. İyirmi ildən artıqdır ki, ölkəmiz xam nefti ixrac edən iri təchizatçı kimi etibarlı tərəfdaşdır. Neft-kimya məhsulları və elektrik enerjisi də ixracımızın bir hissəsidir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1994-cü ildə imzaladığı müqavilə “XX əsrin müqaviləsi” adlandırılır. Bu gün isə XXI əsrin layihəsini həyata keçiririk və onun miqyası genişlənir.

Üç əsas enerji infrastrukturu layihəsinin uğurlu tamamlanmasından sonra, yəni – iki neft boru kəməri – biri Xəzərdən Aralıq dənizinə, digəri isə Xəzərdən Qara dənizə gedən boru kəməri və uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizindən sonra, hazırda Azərbaycanın bərpaolunan enerjinin istehsalı və ixracı mənbəyinə çevrilməsi üzərində çalışmalar aparılır. Azərbaycanda bərpaolunan enerjinin hesablanmış potensialı təxminən 200 qiqavatdır. Artıq ilk külək və günəş enerjisi stansiyalarının tikintisi başlayıb. Xəzər dənizinin Azərbaycan sektorunda 157 qiqavat enerji potensialı mövcuddur. Yaşıl enerjinin əsas ixrac istiqaməti isə Avropadır.

Mənbə: ulusal.az

Xəbərlər