Cəmiyyət, Siyasət 6 May 2021, 20:23 | Baxış sayı: 394
“Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”a diqqətlə yanaşmalıdırlar".

“Beynəlxalq təşkilatlar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təqdim etdiyi, hazırlanmasında faktoloji materiallardan, sosial media şəbəkələrində və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunmuş “Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat”a diqqətlə yanaşmalıdırlar. Çünki Ermənistan tərəfindən anti-Azərbayan siyasətinin aparılması, cinayətlərə və düşmənçiliyə zəmin yaradan addımların atılması İkinci Qarabağ müharibəsindən sonra da səngiməyib”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı bildirib.

F. Ağamalı deyib ki, atəşkəs və İkinci Qarabağ müharibəsi dövründə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki yaşayış məntəqələrinə hücumlar edilib: “2018-ci ildən Ermənistanda hakimiyyətə gələn yeni qüvvələr də öz sələflərinin Azərbaycana qarşı nifrət dolu siyasətini davam etdirmiş, münaqişənin dərinləşməsinə və müharibənin baş verməsinə zəmin yaradacaq nitqlər söyləyiblər. 2019-cu ildə Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndidə yaşayan ermənilərlə görüşərkən Ermənistanın baş naziri Nikol Paşinyan “Artsax Ermənistandır və nöqtə” deyərək, Ermənistanın gerçək niyyətinin əslində işğal siyasətini davam etdirmək olduğunu, məcburi köçkünlərin hüquqlarını heçə saydığını və azərbaycanlılara qarşı nifrət hissini bir daha açıq bir şəkildə ifadə edib. Razılaşdırılmış Atəşkəs müqaviləsinə zidd olaraq 30 il boyunca mütəmadi olaraq sülh rejimini müxtəlif üsullarla, o cümlədən sərhədboyu ərazilərdə yaşayan insanlara və mülki obyektlərə atəş açılması, ekoloji mühitə ziyan verilməsi və işğal olunmuş ərazilərə axan çayların qəsdən tullantılarla çirkləndirilməsi və ya həmin çaylar vasitəsilə partlayıcı maddələrin axıdılması faktlarını da qeyd etmək lazımdır. Məsələn, 2011-ci il martın 8-də Azərbaycanın Ağdam rayonunun işğal olunmuş Şıxlar kəndi istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən açılmış snayper atəşi nəticəsində Orta Qərvənd kənd sakini 9 yaşlı azərbaycanlı Fariz Bədəlov həlak olub. 2011-ci ildə Azərbaycanın Tovuz rayonunun Ermənistanla həmsərhəd olan Əlibəyli kəndində Ermənistan silahlı qüvvələri tərəfindən Tovuz çayına buraxılan partlayıcı qurğu quraşdırılmış uşaq oyuncağının partlaması nəticəsində 1998-ci il təvəllüdlü Şahmalıyeva Aygün Zirəddin qızı həlak olub, onun anası 1979-cu il təvəllüdlü Şahmalıyeva Elnarə Məmmədtağı qızı isə ağır xəsarət alıb. 2016-cı ilin iyulun 14-də Ermənistan silahlı bölmələrinin açdığı atəş nəticəsində isə Tovuz rayonunun Ermənistanla təmas xəttində yerləşən Əlibəyli kəndində 12 yaşlı Nərmin Xanbabayeva, onun 8 yaşlı qardaşı Tuncay və 44 yaşlı Durdanə Nağıyeva ağır yaralanıblar. 2016-cı ilin aprelin 4-də Ağdam rayonun Sarıcalı kəndinə Ermənistan silahlı qüvvələrinin ağır artilleriyadan açdığı atəşlər nəticəsində 3 mülki şəxs həlak olub, 5 yerli sakin yaralanıb. Həmçinin işğalçı qüvvələr təmas xəttində yerləşən məktəblərə, infrastruktur obyektlərinə, mülki əhaliyə ciddi ziyan vurub. Hesabatda da qeyd olunduğu kimi, illər üzrə bu hadisələr davam edib və Azərbaycanın mülki əhalisi Ermənistan tərəfindən davam etdirilən bu münaqişədən əziyyət çəkib”.

Millət vəkili qeyd edib ki, 2020-ci il 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən mütəmadi olaraq atəşkəs rejiminin pozulması və Azərbaycana qarşı yeni torpaq iddialarına son qoymaq məqsədilə Azərbaycan silahlı qüvvələri tərəfindən əks-hücum hərbi əməliyyatları başladılıb: “44 günlük müharibə nəticəsində Azərbaycan beynəlxalq hüququn tələblərinə uyğun olaraq işğal altında olan ərazilərini azad edərək öz ərazi bütövlüyünü təmin etdi. Müharibə dövründə Ermənistan beynəlxalq humanitar hüququn normalarını kobud şəkildə pozaraq döyüş zonasından çox uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Tərtər və əhalisi sıx olan digər şəhərlərini qadağan olunmuş raketlərlə atəşə tutub. Gəncənin və Bərdənin ümumilikdə 6 dəfə raket hücumuna məruz qalması nəticəsində 60 nəfər həyatını itirib, 200-dən çox şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Hesabatda bütün bu faktlar fotoşəkillərlə birgə əksini tapıb. Ümumiyyətlə, nəzərə alınmalıdır ki, nifrət nitqi, onun formalaşdırdığı nifrət ideologiyası sonradan şiddətli aqressiyaya çevrilərək müharibə və soyqırımı cinayətlərinə səbəb olur. Ermənistanda siyasi ideologiyanı formalaşdıran ekstremist qüvvələr tərəfindən uzun illərdən bəri azərbaycanlılara qarşı davam etdirilən nifrət siyasətinin nəticələri də bunu göstərir. Ona görə də beynəlxalq ictimaiyyət nifrət nitqi və nifrət cinayətlərinə qarşının alınması istiqamətində qətiyyətli mövqe ortaya qoymalıdır. Çünki hazırda da informasiya texnologiyalarının imkanlarından istifadə edərək sosial şəbəkə və müxtəlif platformalarda azərbaycanlıların əleyhinə fikirlər səsləndirilir. Məsələn, Tural Gəncəliyevin sülh çağırışlarına cavab olaraq Ermənistan parlamentinin mütəxəssisi Lilit onu başının kəsilməsi ilə hədələyib. Erməni əsilli siyasətçi Naira Zohrabyanın müharibə dövründə bu cür çağırışlarla əhaliyə səslənməsi isə Ermənistan silahlı qüvvələrinin növbəti dəfə Azərbaycanın mülki şəxslər yaşayan ərazilərində müharibə cinayəti törətməsinə zəmin yaradır. Beynəlxalq hüququ heçə sayaraq məsuliyyətdən boyun qaçıran Ermənistan dövləti və onun qurumlarının məsuliyyətsizliyi, insan hüquq və azadlıqlarına qarşı hörmətsizliyi, hüququn aliliyi prinsipinə etinasızlığın ciddi narahatlıq yaradır. Ona görə də aidiyyəti beynəlxalq insan hüquqlarını müdafiə təşkilatları, milli insan hüquqları institutları Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) təqdim etdiyi hesabata diqqətlə yanaşmağa, yeni münaqişə ocaqlarının yaranmasına yol açan belə fəaliyyətlərin dayandırılması istiqamətində həmrəylik nümayiş etdirməyə çağırırıq. Beynəlxalq ictimaiyyət beynəlxalq hüquq normalarına söykənərək səylərini birləşdirməli, birmənalı mövqe ortaya qoymalı və Ermənistanın nifrət əsaslı siyasətinin qarşısının alınmasında konkret addımlar atmalıdır”.

Xəbərlər