"Azərbaycanla Rusiya arasında aviareyslərin müvəqqəti olaraq dayandırılmasının əsas səbəbi sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır".
“Azərbaycanla Rusiya arasında aviareyslərin müvəqqəti olaraq dayandırılmasının əsas səbəbi sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Burada başqa motiv axtarmağa lüzum yoxdur. Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 30 ili tamam olub. Sözsüz ki, 30 ilə ən böyük töhvə fevralın 22-də imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” Bəyannamədir. Bakı-Moskva münasibətləri müttəfiqlik münasibətləridir. Nəzərə almaq lazımdır ki, münasibətlərin bundan yüksək, ali səviyyəsi olmur”.
Bunu Pravda.az-a açıqlamasında Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Elman Nəsirov deyib.
Deputat qeyd edib ki, aviareyslərin dayandırılmasının Azərbaycanın Ukraynaya humanitar dəstəyi ilə əlaqələndirmək olmaz: "Münasibətlərin bu cür ali səviyyəsində aviareyslərin dayandırılmasına başqa don geyindirmək lazım deyil. Bu məsələyə Rusiya-Ukrayna münasibətləri kontekstində baxmaq düzgün olar. Burada məqsəd sərnişinlərin təhlükəsizliyini qorumaqdan gedir. Bildiyimiz kimi, belə gərgin vəziyyətdə sərnişinlərin sığorta və təkrarsığortası riskləri var. Ona görə də Azərbaycan və Rusiya arasında aviareyslərin dayandırılması hazırkı reallıqlara adekvat atılmış addımdır. Ayrı məna axtarmağın mənası yoxdur. Təhlükəsizlik mühiti tam təmin edildikdən sonra hava məkanı yenidən açılacaq".
Fazil Mustafa: “Azərbaycan və Rusiya arasında aviareyslərin müvəqqəti olaraq dayandırılması Rusiyanın istəyi ilə baş tutub. Rusiyaya qarşı müxtəlif sanksiyalar tətbiq edilsə də, özü də yaxın ölkələrə giriş-çıxışı qadağan etmək üçün belə bir addım atıb. Bunun Azərbaycanla xüsusi əlaqəsi yoxdur. Hazırda Azərbaycanla Rusiya arasında münasibətlərin səviyyəsi normaldır”.