“Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb”
“Cənab İlham Əliyev Prezident seçildikdən sonra apardığı məqsədyönlü müdrik xarici siyasət nəticəsində dünyada Azərbaycanla dostluq, müttəfiqlik münasibətləri quran dövlətlərin sayı artıb. Bu dövlətlər Azərbaycana etibarlı dost ölkə, Prezident cənab İlham Əliyevi isə güclü siyasətçi, xalqı tərəfindən sevilən, dəstəklənən lider olduğunu qeyd edirlər”.
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Kamilə Əliyeva bildirib.
K.Əliyeva qeyd edib ki, Albaniya dövləti də həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib: “İstər işğal dövründə, istərsə də Vətən Müharibəsi dövründə Albaniya rəsmiləri öz bəyanatlarında Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirmişlər. Noyabrın 15-də Prezident cənab İlham Əliyev Albaniyaya rəsmi səfəri zamanı Albaniya - Azərbaycan əlaqələrindən, Ermənistanın işğalçılıq siyasətindən, eləcə də Avropanın enerji təhlükəsizliyində Azərbaycanın oynadığı müstəsna rolu barədə mətbuata bəyanatla çıxış etdi. Ölkə başçımız Albaniya ictimaiyyətinə 30 ilə yaxın Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxladığını, bu müddət ərzində ermənilərin törətdikləri vəhşiliklər, şəhər və kəndlərimizi, məscidlərimizi dağıtdıqları haqqında məlumat verdi. Azərbaycan öz torpaqlarını işğaldan azad etdikdən dərhal sonra bütün ərazilərdə böyük quruculuq və abadlıq işlərinə başladı. Artıq soydaşlarımızın öz doğma yuvalarına qayıdışı reallaşıb. Azərbaycanla Albaniya arasında iqtisadiyyat və sənaye üzrə yaradılmış müştərək işçi qrupu tezliklə işə başlayacaq və bu sahələrdə əməkdaşlığa dair müzakirələr aparılacaq. Həmçinin iki dövlət arasında qarşılıqlı sərmayə qoyuluşu, müştərək müəssisələrin yaradılması, turizm bə digər sahələrdə fəaliyyət proqramları işlənib hazırlanacaq. Önəmli əməkdaşlıq sahələrindən biri də qaz sahəsidir. Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir. Hər iki dövlət Cənub Qaz Dəhlizinin icrasında mühüm rol oynayır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində müstəsna rol oynayır. Bu ilin iyul ayında Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanmışdır. Memoranduma əsasən 2027- ci ilə qədər Azərbaycandan Avropaya ixrac olunacaq qazın həcmi iki dəfə artırılacaq. Eləcə də Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan həm TAP, həm TANAP qaz kəmərlərinin iki dəfə genişləndirilməsi məsələsi də müzakirə olunur. Azərbaycan Albaniyanın qaz təsərrüfatının inkişafına sərmayə yatırmaq üçün bütün imkanlara malikdir. Azərbaycan dövləti uzun illərdir NATO ilə sıx əməkdaşlıq edir. Ölkəmiz Əfqanıstanda NATO- nun əməliyyatlarında yaxından iştirak edib. Azərbaycan və Türkiyənin Əfqanıstandan çıxan son dövlətlər olması NATO rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. Cənab İlham Əliyevin Albaniyaya səfəri daha bir NATO dövləti olan Albaniya ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrini yüksək səviyyəyə çatdırdı”.