Cəmiyyət 3 May 2023, 13:12 | Baxış sayı: 174
“Azərbaycanda velosiped sürənlərə hər kilometrə görə 20-30 qəpik verilsə, yaxşı olar”

Belçikada işə velosipedlə gedənlər üçün hər kilometrə görə 0,27 avro - 50 qəpik müavinət ödəniləcək. Təklif edilir ki, ekoloji təmizlik baxımından, həm də tıxacın qarşısını almaq üçün Azərbaycan hökuməti də belə addım atsın. Bu vəsilə ilə həm də vətəndaşlar qazanar...

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli də Pravda.az-a açıqlamasında təklifi dəstəkləyib.

 

Deputat bildirib ki, bu, çox yaxşı hal olar: “Vətəndaşlar velosipedlə hərəkət etsələr, şəhərdə tıxac azalar, ekologiyaya da müsbət təsir edər, hava çirklənməz. Hər cəhətdən yaxşıdır. Belçikada velosiped sürənlərə dövlətin kompensasiyası hər kilometrə görə 50 qəpikdir, bizdə bu qədər imkan var, ya yox, bilmirəm. Amma vətəndaşa kompensasiya ödənilməsi yaxşı olar. Hesab edirəm, dövlət tərəfindən hər kilometrə 20-30 qəpik də verilsə, bəlkə, buna görə vətəndaşlar velosipeddən məmnuniyyətlə istifadə edərlər. Bizdə bir qədər mental düşüncə var. İnsanların çoxu velosipedlə gəzməkdən utanır, çəkinir, yaxud heç idarə edə bilmir. Amma zaman-zaman bu məsələlər həll olunmalıdır. Dünyanın qabaqcıl dövlətlərində - Avropa, Yaponiya və digər yerlərdə velosipeddən kütləvi şəkildə istifadə edirlərsə, nə üçün Azərbaycanda da olmasın? Eyni zamanda infrastruktur yaratmaq lazımdır. Bizdə hələ yolların çoxunda velosiped zolaqları çəkilməyi. Məncə, bu istiqamətdə dövlət ciddi addım atsa, yaxşı olar”.

 

T.Kərimli “xarici ölkədə adi vətəndaşlarla yanaşı, 50-dən çox yaşı olan vəzifəli şəxslər də işə velosipedlə gedirlər, Azərbaycanda belə qərar qəbul edilirsə, velosipeddən istifadə edərdinizmi?” sualını isə belə cavablandırıb: ““İstifadə edərəm” desəm, yalan olar. Artıq 67 yaşım var, kaş imkan olaydı...”

Xəbərlər