"Azərbaycanda təhsilə olan diqqət xarici ölkələrdə, eləcə də qonşu ölkələrdə təhsil səviyyəsindən aşağıdır".
Deputatlar Azərbaycanda məktəbli kreditinin mümkün olub-olmamasından danışıb
Millət vəkili Fazil Mustafa bu haqda danışaraq mövcud problemlərə toxunub. O , Azərbaycanda indiki reallıqda belə bir addımın atılması mümkünsüzlüyünü qeyd edib. Millət vəkili bunun səbəbini Azərbaycanda təhsilə olan diqqətin digər ölkələrlə müqayisədə fərqli olduğunu bildirib: "İndiki vəziyyətdə belə bir addımın atılması mümkünsüz görünür. Çünki Azərbaycanda təhsilə olan diqqət xarici ölkələrdə, eləcə də qonşu ölkələrdə təhsil səviyyəsindən aşağıdır. Elə valideynin də, təhsil strukturlarının da diqqəti bu vəziyyətdədir".
Millət vəkili deyir ki, biz uşağın hansı formada daha yetkin şəkildə yetişəcəyini proqnozlaşdıra bilmədiyimiz üçün böyük problemlər yaşayırıq. Bu səbəbdən də savadsız kütlə daha da artmağa başlayır: "Bu problem həm cəmiyyət, həm də dövlətlə bağlıdır. Biz gələcəyə orta məktəbdən yatırım etmirik, sonradan bunun əziyyətini çəkirik. Sadəcə olaraq xüsusi istedadlı şəxslər parlayaraq harasa gedə bilirlər. Lakin biz orta təhsili gücləndirsək, bu problemləri daha yüksək səviyyədə həll etmiş olarıq, eyni zamanda da gələcəkdə kadr bazasını artıra bilərik".
Millət vəkili repetitorlara xərclənən vəsaitlərdən də danışır: "Biz adi təhsilin özünə belə, pul verə bilmirik. Valideynlərin pulunun çoxu repetitora gedir. Dövlət bunu kompensasiya eləsəydi, ailə büdcəsi normal vəziyyətdə olardı".
Fazil Mustafa bildirir ki, bu gün xeyli sayda ailələr var ki, övladlarını hazırlığa qoya bilmədiyindən bu şəxslər lazımi səviyyədə bal toplaya bilmirlər: "Təhsilə pul xərcləmək lazımdır. 5 min tələbəyə təhsil haqqını ödəməklə bağlı qərar verilmişdi ki, sonradan bu iş dayandırıldı. Qəsdən bu siyahını doldurmadılar ki, təhsilə ayrılan vəsait xərclənməsin. Bunu etsəydik, xaricdə təhsil alan xüsusi istedadlılarımız daha da yaxşı təhsil alar və daha yaxşı imkanlara sahib olardılar. Amma biz bu fürsətləri buraxdıq. Ümumiyyətlə, təhsillə bağlı fürsətləri buraxdığımız üçün təhsilimizin səviyyəsi sovet dövründəkindən də acınacaqlıdır".
Millət vəkili Əli Məsimli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlar tərəfindən ödənişli əsaslarla təhsil alanların xüsusən də aztəminatlı hissəsini əhatə edən bir qanun layihəsi hazırlanıb. Təhsil kreditləri haqqında həmin Qanunun məqsədi keyfiyyətli təhsilin əhalinin aztəminatlı təbəqəsi üçün əlçatanlığının təmin edilməsinin səmərəli mexanizminin yaradılması, bank sisteminin təhsilin həmin probleminin həllinə cəlb edilməsi və bu əsasda təhsilə dövlət dəstəyinin gücləndirilməsidir: "Qanun layihəsində təhsil kreditlərinin xarakteri, əhatə dairəsi və təyinat istiqamətləri, onların verilməsinin əsas prinsipləri, təhsil kreditləri müqaviləsinin bağlanması və verilmə qaydaları, təhsil kreditlərinin məbləği, faiz dərəcəsi, qaytarılması qaydaları, təhsil kreditlərinə dövlət dəstəyi, qanunun həyata keçirilməsinə nəzarət və sair bu kimi vacib məsələlər öz əksini tapıb".
Ə.Məsimli bildirir ki, bu layihənin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, onun reallaşdırılmasında dövlət fəal iştirak edir: "Təhsil kreditləri haqqında qanunun qəbul edilməsi təhsilalanların ödəniş imkanı olmadığına görə təhsildən kənarda qalması hallarını aradan qaldıracaq və həm də təhsil aldıqları müddətdə sosial sıxıntıları azaldacaq. Aztəminatlı ailələr övladlarının təhsili ilə bağlı vəsait axtarmaq qayğılarından azad olacaq, eləcə də ailə büdcəsinin yükü xeyli azalacaq".
"Bu layihənin gerçəkləşməsində dövlətin də qazancı o olardı ki, aztəminatlı ailələrdən çıxan çoxsaylı ixtisaslı kadrlar hazırlansın. Aztəminatlı ailələrdən çıxan xeyli sayda istedadlı gənc fəaliyyət göstərdikcə həm hər bir dövlət üçün həyati əhəmiyyət kəsb edən orta təbəqənin dairəsinin genişlənməsinə, həm də ölkənin inkişafına, təbii ki, öz töhfəsini verəcək. Layihə nəzərdə tutulan əhatə dairəsində qəbul edilsə, onda təhsil kreditləri ilə bağlı sizin qaldırdığınız məsələyə doğru da hərəkətə yol açılar", - deyə Ə.Məsimli vurğulayıb.