“Azərbaycanda qocalar heç kimin yolunu kəsmir”
Yaponiyanın Yale Universitetinin professoru Yusuke Narita bildirib ki, ölkədə uzunömürlülər həddindən artıq çoxdur, bu səbəbdən gənclər cəmiyyətdə özünü inkişaf etdirmək problemi ilə üzləşirlər. Ona görə də alim Yaponiyada yaşlıların tibbi yolla kütləvi öldürülməsini təklif edib. Yapon gənclərinin böyük əksəriyyətinin Naritanın təklifini dəstəkləməsi ciddi müzakirə yaradıb. Bildirilir ki, Azərbaycanda da bəzi dövlət müəssisələrində yaşlı kadrlar gənclərin inkişafına maneə olurlar.
Milli Məclisin deputatı Tahir Kərimli Pravda.az-a açıqlamasında deyib ki, doğrudan da, uzunömürlülərin sayına görə Yaponiya dünyada ön sıralardadır.
“Sanki qocalar bu ölkədə ölmür, uzun ömür sürürlər. Maraqlıdır ki, Yaponiyada həm dövlət, həm cəmiyyət tərəfindən o qoca insanlara böyük hörmətlə yanaşılır. Hətta boşaldılmış kəndlərdə, qəsəbələrdə yaşlı bir adam olsa, ona xidmət göstərmək üçün tibb bacısı təyin edirlər. Avtobus marşrutunu belə dəyişmirlər ki, yaşlı adam var, rahat maşına otursun. İndi yapon cəmiyyətində hər hansı bir alimin gənclərin inkişafına maneə olduqları üçün yaşlıların tibbi yollarla öldürülməsi təklifi, sözün düzü, mənə çox qəribə gəldi. Bundan da qəribəsi gənclərin bu təklifi dəstəkləməsi oldu. Yaponiya və digər dövlətlər ölüm cəzasını ləğv etdikləri, “insan özünü yaratmayıb, öldürmək insanın işi deyil” fəlsəfəsi olduğu halda qocaların tibbi yolla öldürülməsinin təklif edilməsi çox qəribədir. Deyirlər ki, bu, yeganə yoldur. Azərbaycanda belə bir aktuallıq yoxdur. Qocalar heç kimin yolunu kəsmir. Yaxud belə epizodik hallar varsa, bunun səbəbi o deyil”, - deputat bildirib.
T.Kərimli yapon gənclərin intiharının yalnız qocalara görə olduğuna inanmır: “Sadəcə, özlərini təsdiq etmək imkanları o qədər çox alternativlərə malikdir. İnsanlar bəzən həyatda özlərini realizə edə bilməyəndə bədbinliyə qapılır, belə hallara əl atırlar. İnanmıram ki, bunu yapon cəmiyyətindən hansısa alim, gənc dəstəkləyib. Yapon cəmiyyətini sivil hesab edirəm. Qocalara qayğı ilə yanaşırlar. Qocalar iki dəfə çox olsa belə, yapon dövlətinin onları saxlamaq imkanı var. Pensiya təminatını ödəyə bilir. Hansı qoca Yaponiyada işi tutub ki, bu iş mənimdir, cavanın qabağını kəsim? Yapon xalqı çox səliqəli xalqdır. Adətən pensiyaya çıxandan sonra onlar istirahətlə məşğul olurlar, heç kimin qabağını kəsmirlər. Ona görə də bu təklif bəşəriyyətdə mənfi tendensiyaların başlanğıcına səbəb ola bilər. Qarşısı dərhal alınmalıdır. Ola bilər ki, mətbuat, sosial şəbəkələr alimin bu təklifini “göydə qapıblar”, təbliğ edirlər. Bu, çox zərərli haldır”.