Siyasət 10 Mart 2023, 13:57 | Baxış sayı: 135
“Azərbaycanda ölüm hökmü ləğv edilməyib, sadəcə, tətbiqinə moratorium qoyulub”

Belarus Prezidenti Aleksandr Lukaşenkonun “Cinayət Məcəlləsinin dəyişdirilməsi haqqında” imzaladığı qanuna əsasən, dövlətə xəyanət edən vəzifəli şəxlər və hərbi qulluqçulara ölüm cəzası veriləcək. Bu qanun Azərbaycanda ölüm hökmünün bərpası məsələsini yenidən gündəmə gətirib. Bildirilir ki, Azərbaycanda da belə bir qanuna ehtiyac var. Vətənə, dövlətə xəyanət edən vəzifəli şəxslərə ölüm cəzası verilməlidir.

 

Milli Məclisin İnsan hüquqları komitəsinin sədr müavini Tahir Kərimli Pravda.az-a bildirib ki, belə cəzanın tətbiqinin tərəfdarı deyil.

 

T.Kərimli deyib ki, Belarus Prezidenti Aleksandr Lukaşenkonun bu qanunu imzalaması Avropa Konvensiyasına, beynəlxalq razılaşmalara bir qədər ziddir: “Əvvəllər vətənə xəyanətlə bağlı qanun maddəsi var idi. Sonradan “dövlətə xəyanət” adlandırıldı. Çünki “vətən” sözündən sui-istifadə halları həmişə olur. Elə “dövlətə xəyanət” sözündən də bəzən istifadə edirlər, müxalifəti bunda günahlandırır, ölüm cəzası verirlər. Azərbaycanda ölüm hökmü ləğv edilməyib. Sadəcə, tətbiqinə moratorium qoyulub. Yəni dayandırılıb, təxirə salınıb. Bizdə Cinayət Məcəlləsinin müəyyən maddələrində ölüm hökmü var. Çox ağır, şəxsiyyət əleyhinə, eyni zamanda dövlət əleyhinə cinayətlər mövcuddur. Amma çoxu bu məsələyə həssaslıqla yanaşılır. Şəxsə qarşı dərhal ölüm hökmü icra olunmamalıdır”.

 

Deputatın sözlərinə görə, Azərbaycanda ölüm hökmünün bərpası dünyada düzgün başa düşülməz: “Xüsusən dövlətə xəyanət maddəsi yayğındır. Bununla siyasi rəqibi də sıradan çıxarmaq mümkündür. Yəni bəzən sui-istifadə halına çevrilə bilər. Ona görə də ömürlük həbs cəzasının daha uyğun olduğunu düşünürəm. Ola bilər, Lukaşenko bunu öz rəqiblərinə qarşı tətbiq edəcək. Azərbaycanda isə hələlik buna ehtiyac yoxdur. Təkrar edirəm, ehtiyac olarsa, ölüm hökmləri müharibə dövründə icra oluna bilər. Konstitusiyada xüsusi maddə var. Həmin maddəyə görə, Azərbaycanda ölüm hökmü hələ qüvvədədir. İcrası dayandırıldığından tətbiq olunmur. Dövlətə, vətənə xəyanət məsələlərində hələlik ölüm cəzasının tətbiqinin əleyhinəyəm. Ən azından icrası tez baş verməməlidir. Çünki Sovet dövründə Belarusun özündə də 15-20 il sonra bir neçə insan bəraət alıb, məlum olub ki, heç bir təqsirləri yox imiş. Bunu bizə nümunə gətirmişdilər. Çünki həmin vaxtlar nahaq yerə güllələnənlər olmuşdu. Ona görə də Azərbaycanda ölüm cəzasının tətbiqini zəruri hesab etmirəm”.

Xəbərlər