Cəmiyyət 14 Aprel 2022, 13:35 | Baxış sayı: 257
"Azərbaycanda heç bir siyasi məhbus ola bilməz".

ABŞ Dövlət Departamenti ayrı-ayrı ölkələrdə demokratiya və insan hüquqlarının vəziyyəti ilə bağlı yaydığı hesablarında qeyri-obyektiv və qərəzli mövqeyi ilə məşhurdur. Təsadüfi deyil ki, Çin Xalq Respublikası xüsusilə ABŞ-da insan hüquq və azadlıqlarının, eləcə də demokratiyanın pozulması barədə dəfələrlə hesabatlar yayıb. ABŞ Dövlət Departamentinin mövqeyində selektiv yanaşma var. Onlar bir çox hallarda demokratiyanın, ümumiyətlə, mövcud olmadığı ölkələri əksinə təqdim edirlər. Azərbaycanla bağlı da hər zaman analoji, qeyri-obyektiv yanaşmalarının şahidi olmuşuq”.

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, demokratiya prosesdir, orada son nöqtə yoxdur: “Azərbaycan demokratik inkişaf yolunu seçmiş dövlətdir. Ulu öndər Heydər Əliyev senzuranı və ölüm hökmünü ləğv etməklə, "Sərbəst toplaşmaq haqqında" Qanunun qəbulu ilə məhz demokratiya yolunu müəyyən edib. Ona görə də Azərbaycanda heç bir siyasi məhbus ola bilməz, çünki tutduğumuz demokratik inkişaf yolu buna imkan vermir. Azərbaycandakı məhbuslar siyasi mövqeyinə görə deyil, konkret cinayət əməlinə görə həbs ediliblər. Bəzi insanların yolu onları gec, ya tez həbsxanaya aparır. Bunun fərqində olanlar həbsxananın qapısının çox yaxın olduğunu başa düşəndə radikal siyasi bəyanatlar verməyə, hakimiyyət əleyhinə kəskin mövqe ifadə etməyə başlayırlar. Yəni, onlar həbs ediləndə desinlər ki, əslində, siyasi mövqeyinə görə məhbus həyatı yaşayır. Qətiyyən belə deyil, mümkünsüzdür. Sərbəst toplaşmaq azadlığına gəlincə isə, Azərbaycan hökuməti vətəndaşlarının təhlükəsizliyini qorumaq üçün müxalifət nümayəndələrinə mitinq keçirmək üçün Qaradağ rayonu ərazisində yer ayırıb. Nəzərə almaq lazımdır ki, Qaradağ Bakının ən böyük rayonudur, şəhər ərazisinin 51 faizini təşkil edir. Şəhərin mərkəzindən həmin əraziyə də çox gözəl yollar salınıb. Sadəcə olaraq, müxalifətin sosial bazası yoxdur. Ona görə də onlar mitinqi təşkil etmək üçün şəhər mərkəzini seçmək istəyirlər. Yəni, avtobusdan düşən, metrodan çıxan insanlar da mitinqə qarışanda kənardan fon yaratsınlar ki, görün nə qədər adam mitinq keçirir. Əgər müxalifət bilsəydi ki, onun sosial bazası, dəstəkçisi çoxdur, dünyanın hansı ucqar nöqtəsini də göstərsən, gedib orada mitinqini keçirərdi. Odur ki, ABŞ Dövlət Departamentinin Azərbaycan hökuməti ilə bağlı yaydığı hesabatı tamamilə əsassızdır. Bu gün Prezident İlham Əliyev ölkəmizin demokratik inkişafı ilə bağlı lazım olan bütün addımları atır”.

Xəbərlər