Cəmiyyət 10 Oktyabr 2022, 14:44 | Baxış sayı: 217
"Azərbaycanda “Green card”a müraciət edənlər, Avropa və digər yerlərə gedənlər işsizlik ucbatından gedirlər"

“ABŞ başdan-ayağa mühacir dövləti kimi formalaşıb. Son 50-100 ili götürsək, ABŞ əsasən ixtisaslı kadrları ölkəyə dəvət edir, onlara üstünlük verir. Buna görə də, ABŞ-a beyin axını çoxalır, çünki bu stimullaşdırılır. Ora gedənlərə, eyni zamanda, kredit verilir, şərait yaradılır. ABŞ müəyyən məhdudiyyət qoymaqla “Green card”ı tətbiq edir, ölkəsinin çiçəklənməsi, rifahı, məhsuldar qüvvələrin inkişafı üçün şərait yaradır. Bəzi ölkələrdə fərqlidir. Məsələn, Birləşmiş Ərəb Əmirliklərinə əsasən, Pakistandan, Hindistandan və digər ölkələrdən ixtisassız şəxslər işçi qüvvəsi kimi axın edir. Azəraycanda isə biz görürük, neft sənayesinə xaricdən müxtəlif işçi qüvvələri cəlb olunur. Onların əmək haqları ilə yerli camaatın əmək haqları arasında xeyli fərq var. Hesab edirəm, Azərbaycan vahid kadr siyasəti konsepsiyasını işləyib hazırlamalıdır. Çünki həm dövlət, həm özəl şirkətlər var. Kadr təminatı pərakəndə olmalı deyil”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib.

 

Deputat bildirib ki, ölkədə bəzi şirkətlərdə, dövlət orqanlarında test sistemi, imtahan qaydası tətbiq olunur: “Lakin vahid stimullaşdırılma nöqteyi-nəzərindən vahid kadr siyasəti yeridilməlidir ki, insanlar kifayət qədər əməkhaqqı ilə təmin oluna bilsinlər. Heç kimə sirr deyil ki, Azərbaycandan “Green card” üçün müraciət edənlər, eyni zamanda, Avropa və digər yerlərə gedənlər işsizlik ucbatından gedirlər. Çünki müvafiq iş şəraiti yoxdur. Xüsusən kənd yerlərindən kütləvi axın edib gedirlər. Azərbaycanda iş yerlərinin yaradılması, müəyyən satış bazarının əldə edilməsi üçün müvafiq tədbirlərin görülməsi mümkündür. Rayonlarda müşahidə edirəm, fabriklər, zavodlar, sexlər açılır, amma hamısı işsiz vəziyyətdə qalıb. Bu qədər vəsait qoyulub, tikilib, lakin hamısı bağlıdır, işləyən yoxdur. Çünki istehsal olunan məhsulun satış yeri yoxdur. Bu məsələlər stimullaşdırılmalıdır. Bilirik ki, Azərbaycan brendi, “made in Azerbaijan” xaricdə təbliğ olunur, müəyyən şərab mərkəzləri hansısa dövlətlərdə açılır və s. Bunlar əlahiddə, fərdi məsələlərdir. Kompleks yanaşma sistemi olmalıdır. Azərbaycanda ali məktəb kurslarımızda müvafiq fakültələr olmalıdır. Hətta idarəedici kadrlardan tutmuş, istehsaledici kadrlara kimi ixtisaslı yerlər formalaşdırılmalıdır. Peşə məktəblərində ixtisaslı işçilər hazırlanmalıdır. Çatışmırsa, yaxud belə bir kadr yetişdirmək imkanları bizdə yoxdursa, elan olunmalı, xaricdən dəvət edilməlidir. Hər bir halda, hesab edirəm, kadr siyasətində çox ciddi dəyişikliklər aparılmalıdır. Belə şey tarixdə də olub. Məsələn, İspaniya tarxində Frankodan sonra onun oğlu kral keçəndə tamamilə furndamental dəyişikliklər etdi. Bizdə də subyektiv mülahizələr deyil, obyektiv, Vətənimiz üçün gərəkli kadryetişdirmə, kadrtəminetmə sistemi olmalıdır".

Xəbərlər