Plenar iclaslar 23 Dekabr 2022, 14:20 | Baxış sayı: 188
"Azərbaycanda “gələn gedənə rəhmət oxutdurur” ifadəsinin möhkəmlənməsinin bir neçə səbəbi var"

Azərbaycanda “gələn gedənə rəhmət oxutdurur” ifadəsinin möhkəmlənməsinin bir neçə səbəbi var. Birinci səbəb, əlbəttə ki, tamahla bağlıdır. Adətən köhnə “yığdığını yığır”, rüşvət, korrupsiya sistemində oturuşmuş vəziyyət, durğunluq yaradır. Bir növ özünün avtoritetini göstərməkdən, amansız olmaqdan usanır, yorulur. İstədiyinə nail olur, işçiləri özünə itaət etdirə bilir, axırda sakitləşir. Artıq bir norma əmələ gəlir ki, buna itaət etmək lazımdır. Amma yeni gələn istəyir ki, nə qədər fürsət var, öz qabağına daha çox çəksin, mülkiyyəti daha da çoxaltsın, varlansın. Fikirləri Allahdan çox, pul əldə etmək olur. Ona görə də pul ixtira olunandan Allah əhəmiyyətli dərəcədə yaddan çıxıb. Ya Allah yasda lazım olur, ya da problem olanda. Deyirlər “Allah, mənə pul yetir, problemimi həll edim”…

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefa verməsi barədə danışarkən deyib.

 

“İkincisi, yeni gələn özünü daha çox göstərib kimlərisə tabe etmək istəyir. Bununla bağlı amansız mübarizə gedir. Hər işçi cəmiyyətin bir parçasıdır. Cəmiyyətdə vəziyyət, siyasi, ictimai-mənəvi sistem necədirsə, o cür də işləyirlər. Heç vaxt gedənin arxasınca danışa bilmirəm. Durub desəm ki, Vasif Talıbov avtoritar rejim formalaşdırıb, deyərlər ki, bunu əvvəldən görmürdünmü, indi deyirsən. Desəm ki, Talıbovun övladları, yaxınları böyük vəzifələrə giriblər, çoxlu pul toplayıblar, yenə deyərlər ki, əvvəldən belə idi, görmürdünüz? Əvvəldən olmuş bir şeyi vəzifədən çıxandan sonra səsləndirməyi mənəviyyatıma sığışdırmıram. Hər şey əvvəldən bəlli idi. Bəlkə, Vasif Talıbova Milli Məclisin deputatı kimi işində iştirak etmək, Naxçıvandan gəlib-getmək çətin idi? Talıbovun yerinə gələn şəxs bu funksiyaları necə yerinə yetirəcək, deyə bilmərəm. Amma hər halda yeni gələn Vasif Talıbov ola bilməz. Talıbov betonlaşmış bir rəhbər işçi idi. Yeni gələnə isə çox illər lazımdır ki, o vəziyyətə gəlib çıxsın”, - T.Kərimli bildirib.

Xəbərlər