"Azərbaycanda da LGBT-nin təbliği qadağan olunmalıdır, əxlaqsızlıq baş alıb gedir"
“Rusiyada LGBT təbliğatının qadağan edilməsi provaslavlıqdan da irəli gəlir. Eyni zamanda, Rusiyanın tərkibində 25 milyona yaxın müsəlman türk xalqı yaşayır. LGBT ilə bağlı qanun layihəsinin irəli sürülməsinin onlar üçün də əhəmiyyəti var. Dəfələrlə bu məsələni biz də qaldırmışıq. Azərbaycanda da hökmən bu, olmalıdır. Çünki LGBT-nin təbliğatı mənəviyyatı parçalamaqdan ötrü bir üsuldur. Qərb sənayedə böyük inqilab həyata keçirə bilər, buna baxamayaraq, öz mənəniyyatları darmadağın olub. İstəyirlər ki, hamı onlar kimi olsun. Ona görə də, təlqin və təsir edirlər”.
Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Tahir Kərimli Rusiya Dövlət Duması tərəfindən LGBT-nin KİV-də, internetdə, reklamda, ədəbiyyat və kinoda təbliğinin qadağan edilməsi ilə bağlı hazırlanan qanun layihəsi barədə danışarkən deyib.
Deputat bildirib ki, Azərbaycanda da hökmən belə bir qanuna ehtiyac var: “Ölkəmizdə LGBT-nin reklamı, ədəbiyyatda, kinoda təbliği, cinsiyyətin dəyişdirilməsi barədə təbliğat – bütün bunlar qəti şəkildə qadağan olunmalıdır. Üstəlik, cinayət məsuliyyəti, inzibati məsuliyyət müəyyənləşdirilməlidir. Keçmişdə Cinayət Məcəlləsindən çıxarılan bir sıra maddələr yenidən bərpa olunmalı, əlavələr edilməlidir. Elektron, internet sistemi vasitəsilə, kənar təsirlərlə Azərbaycan cəmiyyəti parçalanır, ailələr dağılır, hər cəhətdən əxlaqsızlıq baş alıb gedir. Bu əxlaqsızlığın fonunda insanların mənəvi hissiyatı, düşkünlüyü ortadadır. Dəfələrlə deputat yoldaşlarımla bu barədə söhbət etmişəm. Rusiya Dövlət Dumasında belə bir qanun layihəsini müzakirə ediblər. Kaş biz də buna nail olardıq. Bu istiqamətdə işlər görmək lazımdır, özü də təcili. Azərbaycanın xilası bundadır. Müharibədə qalib gələ bilərik, amma bu sahədə uduzmağımız bütün qələbələrimizi heçə gətirər. Nəyə lazımdır o dövlətin, millətin qələbəsi ki, özü də əxalqsızlıq girdabına düşəcəksə?! LGBT-nin təbliğatı Azərbaycan üçün təhlükədir, təcili şəkildə bununla bağlı qanun layihəsini həyata keçirmək lazımdır”.