"Azərbaycanda “beyin axını” kifayət qədər ləngiyib"
“Beyin axını” yeni hadisə deyil. Xüsusilə Sovet İttifaqı dağıldıqdan sonra post-sovet ölkələrinin tanınmış ziyalıları, alimləri olduqca acınacaqlı iqtisadi durumları ucbatından başqa ölkələrdə özlərinə iş axtarmağa başladılar. Ləyaqətli həyat şəraitini təmin etmək üçün öz ölkələrini tərk edib başqa ölkələrdə, dövlətlərdə vətəndaşlıq hüququ qazanmaq istədilər. Bu, hardasa, anlaşılan bir məsələ idi, çünki onların böyük potensiallarının qarşısında ödənişlər olduqca aşağı idi. Onlar nəinki özlərini, ailə üzvlərini belə saxlamaq iqtidarında deyildilər. Halbuki yüksək səviyyəli elmi biliklərin daşıyıcıları idilər. “Beyin axını” deyilən məsələ xüsusilə 1990-cı illərin əvvəllərində böyük prosesə çevrilmişdi, geniş yayılmış tendensiya idi. Əsasən ABŞ-yə, Avropa ölkərinə, post-sovet ölkələrindən Türkiyəyə çox güclü “beyin axını” var idi.
Bu sözoləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, 1990-cı illərin əvvəllərində Azərbaycandan Türkiyəyə “beyin axını” daha çox yönəlib: "Bakı Dövlət Universitetindən, AMEA-dan və Azərbaycanın ayrı-ayrı universitetlərindən tanınmış ziyalılarımız öz həyat şəraitini təmin etmək, acınacaqlı iqtisadi durumdan çıxmaq üçün yeganə çıxış yolu kimi başqa ölkələrə üz tutmağa üstünlük verirdilər. Azərbaycan üçün bu baxımdan Türkiyə ən əlverişli məkan idi. Tanınmış ziyalılarımız Türkiyə universitetlərində dərs deməyə başladılar. Azərbaycanda çox güclü riyaziyyatçılar məktəbi var idi. Həmin məktəbin çox savadlı simaları Türkiyə və digər ölkələrə üz tuturdular. BDU-da oxuduğum 1989-1994-cü illərdə tanıdığım gənc riyaziyyatçı alimlər, təxminən, 34-35 yaşında elmlər doktoru, professor idilər. Onlar, hətta ABŞ-nin universitetlərinə cəlb edilmişdilər. Bütün bunlar 1990-cı illərin acı reallığı idi. Ölkəmiz gücləndikcə, iqtisadi qüdrəti artdıqca bu proses də getdikcə zəifləməyə başladı. İndi də elə insanlar tapılır, onlar öz elmi potensiallarının tətbiqi arealı kimi inkişaf etmiş ayrı-ayrı dövlətləri seçirlər. Bu proses var və bütün ölkələrə xas keyfiyyətdir. Hansı ölkələrdə elm və biliyin daşıyıcılarına daha böyük miqyasda ödənişlər həyata keçirilirsə, onların maddi təminatları reallaşdırılırsa, bu kimi hallar qaçılmaz olur. Bu, bir həqiqətdir. Lakin hazırkı Azərbaycan reallığı haqqında həmin fikirləri söyləmək olmaz. Azərbaycan inkişaf etmiş dövlətlər arasında xüsusi mövqeyə malikdir. Biz regional liderik. Hesab edirəm, bu proses Azərbaycanda kifayət qədər ləngiyib. Demək olar, belə bir qorxulu tendensiyadan söhbət getmir. Artıq Azərbaycan ali məktəblərində müəyyən mənada ödənişlər artırılıb, müəllimlərin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində işlər görülüb. Demək olmaz ki, hər şey kifayət qədər yüksək səviyyədə görülüb. Amma bu günün reallıqlarına adekvat olaraq müəllimlərin maaşı artırılıb, elm adamlarının, tanınmış ziyalılarımızın, professorlarımızın, akademiklərimizin həyat şəraitinin yaxşılaşdırılması, sosial rifahlarının yüksəldilməsi istiqamətində dövlətimiz çox böyük işlər görüb. Cənab İlham Əliyev hər zaman tanınmış elm adamlarımızın, ziyalılarımızın prezident təqaüdü ilə təmin edilmələrini həyata keçirir. Mümkün addımlar atılır ki, öz həyatını elmə, mədəniyyətə, incəsənətə həsr etmiş ziyalılarımızın sosial rifahı yüksək səviyyədə olsun. Amma nə etmək olar, dünyanın daha çox inkişaf etmiş ölkələri var. Həmin inkişafa adekvat olaraq çox bilikli, savadlı adamlara, sözün əsl mənasında, beyni olan adamlara daha böyük diqqət ayırırlar. Belə olan halda, “beyin axını” prosesi labüdləşir. Çoxları ABŞ-yə üz tutur. ABŞ-də dövlətin gücünə, potensialına uyğun elə laboratoriyalar yaradılır ki, hətta Avropa ölkərinin alimləri həmin ölkələrə üz tuturlar”.