"Azərbaycana qarşı hibrid terror müharibəsi aparılır"
"Terror təkcə fiziki terror hadisəsi deyil. Hazırkı mərhələdə hibrid müharibələr dediyimiz yeni müharibə formaları ortaya çıxdığı kimi, informasiya cəmiyyətində yeni informasiya terroru deyilən anlayışın olduğunu qəbul etməliyik. Ona görə də Azərbaycana qarşı terror həyata keçirənlər bu terrorun da hibrid növündən istifadə edirlər".
Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Daha sonra deputat əlavə edib: "Birincisi, milli maraqlarımızı müdafiə edən, dövlət maraqlarımızı müdafiə edən şəxslərə qarşı fiziki terror edirlər.
İkincisi, terrorçuları aşkar edən onları zərərsizləşdirən, dövlət orqanlarımızı, informasiya platformalarında informasiya resurslarında informasiya terroruna məruz qoyurlar. Hazırki hadisə onun əyani sübutlarından biridir".
Avropadan Azərbaycana qarşı söyüş kampaniyası aparan Tural Sadıqlının çıxışlarına da toxunan Hikmət Babaoğlu bildirib ki, Dövlət Təhlükəsizliyi Xidməti terrora qarşı mübarizənin önündə gedən, dövlət təhlükəsizliyimizi qoruyan, vətəndaşlarımızın təhlükəsizliyini qoruyan xüsusi bir orqandır:
"Belə olan halda əlbəttə ki, terrorçular sadəcə fiziki terrorla məhdudlaşmayacaqlar, eyni zamanda, terrora qarşı mübarizə aparan bizim dövlət qurumlarında informasiya terroruna məruz qoyacaqlar. Ona görə də, hesab edirəm ki, kimin harada olmasından asılı olmayaraq, hansı terrorçunu Azərbaycanın müvafiq hüquq-mühafizə orqanlarının hansı səbəbdən həbs etməsinə baxmayaraq, terrora qarşı mübarizə aparan bütün bizim xüsusi xidmət orqanlarımız və yaxud dövlət qurumlarımız informasiya terrorunun hədəfi olacaqdır. Onların ictimai rəydə olan müsbət imicinə kölgə salınmağa cəhdlər olacaq. Ancaq bu kimi cəhdlər terrora qarşı mübarizədə hüquq-mühafizə orqanlarının əzmkarlığına kölgə sala bilməz. Bütün hallarda biz bilməliyik ki, Azərbaycana qarşı hibrid terror müharibəsi aparılır".
Mənbə: Demokrat.az