Siyasət 10 Avqust 2023, 17:19 | Baxış sayı: 139
"Azərbaycana qarşı böhtan kampaniyasına görə muzdlu jurnalistlərdən çox birbaşa Vaşinqton məsuliyyət daşıyır"

"ABŞ Dövlət Departamentinə yaxın, qurumun qeyri-rəsmi nəzarətində olan media orqanlarında yenidən Azərbaycana qarşı böhtan kampaniyası başlayıbsa, buna görə media azadlığından sui-istifadə edən muzdlu jurnalistlərdən çox birbaşa Vaşinqton özü məsuliyyət daşıyır".

Bu fikirləri açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Deputatın sözlərinə görə, Azərbaycan həmişə bütün dünya dövlətləri ilə BMT Nizamnaməsi və beynəlxalq hüququn prinsipləri əsasında xoş münasibətlər qurmaq, ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək niyyətini bəyan edir: "O cümlədən də Amerika Birləşmiş Ştatları ilə. Təsadüfi deyil ki, ABŞ-nin qlobal təhlükəsizlik çağırışlarına ilk müsbət reaksiya verən, bölgədə Vaşinqtonun əsas ticari tərəfdaşı kimi həlledici rol da Azərbaycana məxsusdur. Bu ilin may ayında Prezident Cozef Baydenin cənab İlham Əliyevə ünvanladığı 28 May - Müstəqillik Günü münasibətilə təbrikində də ifadə etdiyi kimi, "Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq".

O, təəssüflə bildirib ki, hətta ABŞ Prezidentinin özünün belə açıq şəkildə ifadə etdiyi bu əhəmiyyətli məqamlar, bir sıra hallarda Vaşinqtonun ikili standartları üçün maneə yarada bilmir:

"Düzdür, ABŞ rəsmiləri əsaslandırmağa çalışırlar ki, bu ölkədə anti-Azərbaycan mövqe ayrı-ayrı konqresmenlərin lobbiçilik fəaliyyətində ehtiva olunan özfəaliyyətdir. Lakin bu yanaşma qəbuledilməzdir, çünki tarixi təcrübə göstərir ki, ABŞ-də heç bir lobbiçilik fəaliyyəti Vaşinqtonun dövlət maraqlarını üstələyə bilməz. Əgər konqresmen və senatorların, ayrı-ayrı dövlət qurumlarının təmsilçilərinin, Dövlət Departamentinin qeyri-rəsmi “mətbuat orqanı” kimi tanınan mətbu orqanlarının gündəmində Azərbaycana qarşı qərəzli kampaniya varsa, əminliklə demək olar ki, bu elə dövlət səviyyəsində dəstəklənən xətt və riyakar mövqedir.

Əslində Vaşinqtonun dolayı riyakarlığı barədə uzun araşdırma və təhlillərə ehtiyac yoxdur. 30 il boyunca Azərbaycan ərazilərinin 20 faizi işğalda qalarkən, 1 milyon əhali məcburi köçkün həyatı yaşayarkən bir kəlmə açıq bəyanat verməyən ABŞ-nin Gürcüstana, Ukraynaya ərazi bütövlüyü məsələsində açıq dəstək ifadə etməsi elə ən böyük riyakarlıqdır və göstərir ki, Vaşinqtonun əsas məqsədi heç də ərazi bütövlüyü və suverenliyə hörmət deyil",- o, qeyd edib.

Milli Məclisin üzvü xatırladıb ki, Qarabağdakı terrorçu və separatçılara Ermənistandakı səfirliyi vasitəsilə Birləşmiş Ştatlara səfər üçün vizalar verən Vaşinqtonun bu gün Krım, Abxaziya, Cənubi Osetiya separatçılarına qarşı sanksiyalar tətbiqi heç vaxt separatizmlə səmimi mübarizə hesab edilə bilməz:

"Meksika ilə sərhəd boyu nəhəng sədd çəkən, yaxud səfirliklərində viza verilişini mürəkkəb labirintə çevirən Vaşinqtonun Azərbaycanın suveren ərazisində sərhəd-buraxılış məntəqəsi qurmasına birmənalı olmayan münasibəti fonunda biz ABŞ-yə ədalətli beynəlxalq subyekt kimi baxa bilmərik. Yaxud günü bu gün müharibə cinayətləri törətməkdə davam edən, işğal etdiyi Azərbaycan torpaqlarında 30 il davamlı ekosid, urbisid və kulturasid törədən, hələ də ərazilərimizdə ordu hissələri saxlayan, habelə bu gün Cənubi Qafqazda ən çox jurnalist və siyasətçi məhbusu olan Ermənistanı “Demokratiya sammiti”nə dəvət edən ABŞ-nin ikili standartlarını sübut etməyə ehtiyac varmı?!"

B.Məhərrəmov vurğulayıb ki, bu mənada ABŞ Dövlət Departamentinə yaxın, qurumun qeyri-rəsmi nəzarətində olan media orqanlarında yenidən Azərbaycana qarşı böhtan kampaniyası başlayıbsa, buna görə media azadlığından sui-istifadə edən muzdlu jurnalistlərdən çox birbaşa Vaşinqton özü məsuliyyət daşıyır:

"Bütün bunların fonunda, ABŞ artıq reallıqları nəzərə almalıdır, anlamalıdır ki, o, dünyanın tək gücü deyil. Əgər Vaşinqton regionda mövcudluğunu qorumaq, maraqlarını təmin etmək istəyirsə, bunu fərari və məğlub Ermənistanı proteksiya etməklə, yaxud Gürcüstan və Ukraynanın fəlakətinə səbəb olan saxta, ikili standartlara əsaslanan dəstəklə yox, Azərbaycanla tam bərabərhüquqlu tərəfdaşlığı ilə təmin edə bilər".

report.az

Xəbərlər