“Azərbaycana münasibətdə fərqli terror cəhdləri var”
“Azərbaycanda törədilən terrorun arxasında qonşu ölkələrdən birinin adı çıxacağı halda şübhəsiz ki, həmin ölkəyə iqtisadi və digər hüquq müstəvisində cəza tədbirlərinin, sanksiyaların tətbiqi üçün fəal diplomatik iş aparmağa məcbur olacağıq”.
Bu barədə Musavat.com-a açıqlamasında Milli Məclisin hakim Yeni Azərbaycan Partiyasından olan deputatı Hikmət Babaoğlu bildirib. O qeyd edib ki, bu gün terror qlobal problem olaraq qalmaqdadır. Baxmayaraq ki, 2001-ci ildə dünyada böyük anti-terror koalisiyası formalaşdı və Azərbaycan da bu koalisiyaya üzv oldu, amma yenə də dünyanın ayrı-ayrı coğrafiyalarında hələ də terror aktları həyata keçirilməkdədir. Terroru tam olaraq aradan qaldırmaq mümkün olmur. Cənubi Qafqaz regionu da xarakter etibarilə özlüyündə mürəkkəb geostrateji rayon olduğuna görə, burada da terror var: “Dünyanın ən terrorçu ölkələrindən hesab edilən, özünəməxsus qəddarlığı və dəst-xətilə seçilən Ermənistan dövləti də təəssüf ki, bizim qonşumuzdur. Ermənistan açıq şəkildə terroru dəstəkləyən və terrorçu dövlətdir.
Bizim adı terrorla asossiasiya olunan başqa qonşularımız da var. Maraqlıdır ki, millət vəkilimiz Fazil Mustafaya qarşı terror üslub və həyata keçirilmə metodları ilə bundan əvvəl Azərbaycana qarşı həyata keçirilən terror aktları ilə bir-birinə bənzəyir. Eyni zamanda İrana münasibətdə bir çox beynəlxalq təşkilatlar İranın ayrı-ayrı qurumları ilə bağlı qərarlar verərkən bu zaman da terroru əsas götürmüş olurlar. Bu yaxınlarda İranın SEPAH adlandırılan hərbi qurumunun da terrorçu təşkilatlar siyahısına daxil edilməsi ilə bağlı bir sıra dövlətlər tərəfindən təşəbbüslər qaldırıldı. Ona görə də mən düşünürəm ki, Azərbaycana münasibətdə fərqli terror cəhdləri var-İdeoloji terror, dini terror, fiziki terror. Bir neçə gün öncə millət vəkili Fazil Mustafaya qarşı terror törədilməsi də bu qəbildəndir”.
Deputat qeyd edib ki, dünya ictimaiyyəti dünyanın harasında olmasından asılı olmayaraq terroru ciddi şəkildə qınamalıdır. Çox təəssüf ki, terrora yanaşmada da bir çox hallarda ikili standartların olduğunu müşahidə edirik: “Məsələn, Azərbaycanda fəaliyyət göstərən diplomatik missiyalardan Böyük Britaniya səfirinin Fazil Mustafaya terror aktı ilə bağlı mövqeyi oldu, ABŞ Fazil Mustafaya qarşı terror aksiyasına öz münasibətini bildirdi. Lakin biz istərdik ki, beynəlxalq anti-terror koalisiyasına üzv olan və olmayan bütün dövlətlər bu məsələyə münasibət bildirsinlər. Terroru dəstəkləyən, terroru həyata keçirən ölkələrə qarşı çox ciddi mübarizə aparmaq lazımdır. Əgər artıq mümkün versiya kimi Azərbaycanda törədilən terrorun arxasında qonşu ölkələrdən birinin adı çıxacağı halda şübhəsiz ki, həmin ölkəyə iqtisadi və digər hüquq müstəvisində cəza tədbirlərinin, sanksiyaların tətbiq olunması üçün fəal diplomatik iş aparmağa məcbur olacağıq”.