Siyasət 13 İyun 2023, 14:53 | Baxış sayı: 175
"Azərbaycan xalqının əmlakının dağıdılmasında və digər ölkələrə daşınmasında İranın birbaşa iştirakı var"

"Əhməd Vahidi İran hökumətini Azərbaycanın yaxşı dostu hesab edirsə, yəqin ki, Əhməd Vahidinin leksionundakı "dostluq" anlayışının həqiqi dostluq anlayışı ilə bir əlaqəsi yoxdur".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. 

Deputat bildirib ki, İran hökuməti 30 illik münaqişə dövründə ermənilərə dəstək verib:

"Azərbaycan xalqının əmlakının dağıdılmasında və onun digər ölkələrə daşınmasında İranın birbaşa iştirakı var. İran hökuməti Azərbaycan məscidlərində donuz saxlanmasına heç bir zaman etiraz eləməyib, tam əksinə ermənilərlə birləşərək Azərbaycan xalqının dini mirasını farslaşdırmağa çalışıb.

44 günlük müharibədə də İran Ermənistanın yanında oldu. Hər cür silah-sursat və canlı qüvvə ilə terrorçu Ermənistana yardım göstərdi. Bu gün də İran vasitəsilə Ermənistan Hindistandan silahlar almaqla və Fransa da cəlb edilməklə, Azərbaycana qarşı ittifaq yaradır. Belə dostluq düşmənçilikdən daha pisdir".

Hikmət Babaoğlu qeyd edib ki, Azərbaycan müşahidə aparmaq qabiliyyətinə malikdir və görür ki, Hindistanın Mumbay limanından Bəndər Abbasa hərbi təyinatlı yüklər daşınır:

“Bəndər Abbas isə İranın cənub limanlarından biridir və oradan da həmin silahlar Ermənistana ötürülür. Əgər Əhməd Vahidinin dediyi dostluq budursa, bu da düşmənçilikdən betər dostluqdur. Ancaq bir həqiqət var ki, İran hökumətinin mövqeyi və erməni sevgisini İran xalqı bölüşmür. İranda yaşayan müsəlmanlar, türk və türk olmayan, həqiqi müsəlman olan heç bir İran vətəndaşı İran hökumətinin Ermənistanı dəstəkləməsini təqdir etmir. Bizə isə İran hökumətindən daha çox İran xalqının, İranda yaşayan soydaşlarımızın və dindaşlarımızın dostluğu lazımdır ki, biz bunu həmişə hiss edirik.

Əhməd Vahidi kimi şəxslərin bu cür riyakar siyasəti ilə Azərbaycana üstü örtülü mesaj göndərmək doğru deyil və heç bir dost hökumət, qonşu, dost ölkənin səfirliyinə hücum təşkil edib, sonra da onun arxasında gizlənmir. Heç bir dost hökumət sıravi Azərbaycan vətəndaşını böhtanla, şərlə həbs edib onu agent adlandırmır. Ona görə də hər şeydən öncə İran hökuməti öz xalqından orada yaşayan, öz vətəndaşı olan 35  milyondan çox azərbaycanlıyla dost olsun, o bizə yetər. Azərbaycanla dost olub-olmaması İran hökumətinin öz işidir".
 

Xəbərlər