Siyasət 29 May 2023, 11:34 | Baxış sayı: 148
“Azərbaycan xalqı Ərdoğanın seçilməsindən olduqca məmnundur, sevinc içindəyik, bir-birimizə gözaydınlığı veririk...”

“Gözlənilən baş verdi, proqnozlar özünü doğrultdu. Türkiyədə seçkilərdə mayın 14-də birinci turda qalib elan edilmədikdən sonra hər şey 28 may ikinci turun nəticələrindən asılı idi. Proqnozların mütləq əksəriyyətinə görə Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi labüd görünürdü. Xüsusilə, namizədlərdən biri olmuş Sinan Oğanın cənab Ərdoğanın tərəfinə keçməsi, öz seçicilərini məhz Ərdoğana səs verməyə çağırışı da burada rolunu oynadı. Mən də Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin tərkibində İzmirdə idim. İzmir şəhəri müxalifətin əsas məntəqələrindən biri sayılır. Oradakı əhval-ruhiyyədən də hiss olunurdu ki, Ərdoğanın qalib gəlməsi labüddür. Kimlər Kılıçdaroğluna səs verəcəklərini bəyan edirdilərsə, onlar da deyirdilər ki, Kılıçdaroğlunun bizim səsimizlə qalib gələcəyinə inanmırıq, çünki Ərdoğana ölkədə etimad böyükdür”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

 

“Cənab Ərdoğan öz rəqibini üstələdi, növbəti 5 il üçün yenidən Türkiyənin prezidenti olacaq. Bu, 85 milyonluq Türkiyə xalqının qələbəsidir. Bu qələbəyə ən çox sevinənlərdən biri də məhz biz azərbaycanlılarıq, Azərbaycan dövləti, Azərbaycan Prezidenti cənab İlham Əliyevdir. Düşünürəm, cənab Ərdoğanın qalib gəlməsi heç bir halda təsadüfi deyil, onun son 21 il ərzində Türkiyə üçün etdiyi misilsiz fədakarlıqların, göstərdiyi xidmətlərin birbaşa nəticəsidir. Sözün həqiqi mənasında, son 21 il ərzində Türkiyə dünyanın güc mərkəzlərindən birinə çevrildi. Türkiyə bu illər ərzində iqtisadi gücünə görə Avropada altıncı-yeddinci dövlətdir, dünya miqyasında isə Böyük iyirmiliyə üzvü olaraq on altıncı-on yeddinci mövqedədir, hərbi gücünə görə NATO-da ikinci dövlətdir. Türkiyə bu gün həm çox yüksək inkişaf etmiş hərbi-sənaye kompleksinə malikdir, həm də mülki sənayesi çox sürətlə inkişaf edir. “TOGG” adlı Türkiyə avtomobili artıq dünya bazarına çıxıb. Bir sözlə, Türkiyə cənab Ərdoğanın rəhbərliyi altında müasir dövrün ən çox inkişaf etmiş dövlətlərindən birinə çevrilib, müstəqil siyasət həyata keçirir, xalqının milli mənafeyini hər şeydən üstün tutur. Bu gün cənab Ərdoğan dünyamızdakı defisit, kəsir fonunda ən nəhəng dövlət xadimlərindən biridir, bəlkə də, birincisidir. Bu gün dünyadakı proseslərin tənzimlənməsində Türkyənin həlledici rolu var. Türkiyəsiz problemlər, xüsusən qlobal problemlər həllini tapa bilmir. Azərbaycan xalqı cənab Ərdoğanın seçilməsindən olduqca məmnundur. Hamımız sevinc içindəyik, bir-birimizə gözaydınlığı veririk. Səbəb budur ki, 30 il ərzində torpaqlarımız işğal altında idi, cənab Ərdoğan müharibənin ilk dəqiqələrindən başlayaraq Türkiyə dövlətinin rəhbəri olaraq Azərbaycanı yalqız qoymadı, ən yüksək mənəvi və siyasi dəstək verdi. Cənab İlham Əliyevlə cənab Ərdoğanın, xalqlarımızın dostluğu və qardaşlığı hər iki dövlətin tarixi nailiyyətlərinin kökündə dayanan fundamental səbəblərdir. bütün bunlardan sonra qənaətə gəlmək olar ki, növbəti beş il ərzində Türkiyə öz inkşafının daha böyük səviyyəsini yaşayacaq, dünyada mövqeləri daha da möhkəmlənəcək, hərbi-sənaye kompleksi və mülki sənayesi daha da inkişaf edəcək, əhalisinin sosial rifahı daha da güclənəcək. Türk xalqı öz lideri ətrafında qlobal niyyətlərin, layihələrin, məqsədlərin reallaşması istiqamətində bir yumruq kimi birləşib çox böyük nəticələrə imza atacaq. Buna inanırıq. Bu gün 85 milyonluq Türkiyə xalqı, 10 milyonluq Azərbaycan xalqı, Türkiyə və Azərbaycanın dünyadakı dostları sevinc içindədirlər ki, Türkiyə növbəti qələbəsini yaşayır. Cənab Ərdoğanı ilk təbrik edən dövlət başçısı cənab İlham Əliyev oldu. Türkiyə mediası bu məsələyə çox böyük diqqət ayırıb. Türkiyənin əksər kütləvi informasiya vasitələri cənab İlham Əliyevin təbrikinə şərhlər verib. Cənab İlham Əliyevin cənab Ərdoğanı Azərbaycana rəsmi səfərə dəvət etməsi faktı da Türkiyə mətbuatında geniş yer alıb”, - E.Nəsirov qeyd edib.

Xəbərlər