Siyasət 25 May 2023, 15:27 | Baxış sayı: 94
“Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın iradəsinin məhsulu idi”

“Azərbaycan xalqı dünyanın ən qədim xalqlarından olmaqla bəşər tarixində özünəməxsus yer tutur. Sahib olduğu mədəniyyəti, zəngin ədəbiyyatı, böyük dövlətçilik ənənələri şərəfli tariximizin şərəfli səhifələrini yazıblar. Bu gün hər bir azərbaycanlı öz tarixini öyrəndikcə ata-babalarımızın Vətən üçün, xalq üçün etdiklərindən qürur duyur və onlardan nümunə götürür. Məhz onların min bir əziyyətlə qurub-yaratdığı Atabəylər, Qaraqoyunlular, Ağqoyunlular və s. dövlətlər, eləcə də Səfəvilər imperiyası orta əsr dünyasının ən əzəmətli dövlətlərindən hesab olunur. Azərbaycan tarixinin şanlı səhifələrindən biri də xalqımızın uzun illər milli-azadlıq mübarizəsi apararaq 1918-ci il mayın 28-də öz müstəqil dövlətini yaratmasıdır. Bununla Azərbaycan xalqı azad yaşamaq əzmini nümayiş etdirdi”.

Bu fikirləri kütləvi informasiya vasitələrinə açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

“Bu, həmin dövrün son dərəcə müasir dövləti idi və ən əsası isə Şərqdə ilk demokratik respublika kimi dünya tarixinə düşüb. Həmçinin Azərbaycan Xalq Cümhuriyyəti hüquqi, dünyəvi və parlamentli respublika idi. Bütün bu göstəricilərinə görə Azərbaycan hətta bir sıra Avropa dövlətlərini belə geridə qoyurdu. Xalqın hakimiyyətini və insanların bərabərliyi prinsipini əsas götürən Cümhuriyyət öz vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi aradan qaldırdı və bu addımı atan ilk dövlətlərdən oldu. Bununla bir daha aydın olur ki, Azərbaycanda tolerantlıq, birgəyaşayış mədəniyyətinin kökləri daha qədimdir. Həmçinin vacib qərarlardan biri də şərqdə ilk dəfə qadınlara səsvermə hüququnun verilməsi idi. Baxmayaraq ki, ABŞ-da 1920-ci ildə, Fransa isə 1944-cü ildə qadınlar səsvermə hüququ əldə edib. Odur ki, Azərbaycan qadını bu hüququ dünyanın ən qabaqcıl ölkələrinin qadınlarından daha əvvəl qazanıb”, – Milli Məclisin deputatı bildirib.

AHİK sədri qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti çox qısa – cəmi 23 ay yaşamasına baxmayaraq, xalqımızın həyatında və tarixində dərin iz qoydu: “İlk parlament, hökumət yaradıldı, dövlət atributları təsis olundu, ana dili dövlət dili elan edildi, hərbi hissələr quruldu, sərhədlər müəyyənləşdi, müstəqil dövlətimizin dünya dövlətləri tərəfindən tanınması istiqamətində mühüm işlər görüldü. 1920-ci ilin yanvarında Azərbaycanın dövlət müstəqilliyinin böyük dövlətlər tərəfindən de-fakto tanınması imkan verdi ki, bolşevik işğalından sonra Azərbaycan bir dövlət kimi dünya xəritəsindən silinməsin. Bir sözlə, Cümhuriyyət üzərinə düşən vəzifələri şərəflə yerinə yetirdi, xalqın milli mənlik şüurunu özünə qaytardı, xalqımızın öz müqəddəratını təyin etmək bacarığını ortaya qoydu”.

Səttar Möhbalıyev vurğulayıb ki, hərbi müdaxilə yolu ilə Azərbaycan Xalq Cümhuriyyəti süquta etsə də, onun ideyaları xalqın yaddaşından silinmədi, azadlıq arzusu ilə yaşadı və əmin idi ki, bu istək bir gün yenidən reallaşacaq: “Üstündən 70 il keçəndən sonra yenidən üçrəngli və ay-ulduzlu bayrağımız Vətən göylərində pərvazlandı, bir daha xalqımız azad, müstəqil dövlətinə sahib oldu. Müstəqilliyin ilk illəri çox ağır keçdi, hətta onu itirmək, daha ağrılısı isə Azərbaycanın parçalanması təhlükəsi ilə üz-üzə qaldıq. Bu dəfə də müdrik xalqımız iradə nümayiş etdirərək özünün böyük oğlu Heydər Əliyevi dövlət başına gətirdi və bunla da ölkəmizin başı üstünü almış təhlükə sovuşdu, müstəqilliyimiz möhkəmlənməyə başladı. Bu gün Azərbaycan Ulu Öndərin layiqli davamçısı cənab İlham Əliyevin rəhbərliyi ilə regionun lider dövlətinə çevrilib, dünyanın əhəmiyyətli ölkələrindən hesab olunur. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi”.

Xəbərlər