Siyasət 27 Oktyabr 2022, 13:13 | Baxış sayı: 207
“Azərbaycan və Türkiyənin bayraqları hər zaman bir yerdə dalğalanacaq”

“Qədim Azərbaycan torpağı olan Zəngilan rayonu 20 oktyabr 1993-cü il tarixdə Ermənistan ordusu tərəfindən işğal edilmişdi.  Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin başçılığı altında qüdrətli Azərbaycan Ordusu 27 sentyabr 2020-ci il tarixdə ermənilərin törətdikləri hərbi təxribatın qarşısını almaq məqsədilə əks hücuma keçərək Vətən Müharibəsi savaşına başladı. Müharibənin ilk günündə ordumuz bir neçə kəndi azad etdi və uğurlu hərbi əməliyyatlar nəticəsində hər gün düşməni məhv edərək irəlilədi. 20 oktyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri 27 il işğal altında qalan Zəngilan şəhərini işğaldan azad etdi. Zəngilan işğaldan azad edildikdən bir neçə gün sonra Qubadlı rayonu da işğaldan azad edildi və Azərbaycan Ordusunun bölmələri iki istiqamətdə, Laçın və Şuşaya doğru irəliləməyə başladı. Mədəniyyət paytaxtımız, dünya azərbaycanlılarının qürur yeri olan Şuşa noyabrın 8-də işğaldan azad edildi və bununla da Ermənistan təslim olduğunu bəyan etdi. Zəngilanın işğaldan azad edilməsindən iki il sonra 20 oktyabr 2022-ci ildə qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Zəngilan və Cəbrayıla səfər etməsi və Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirak etməsi tarixi bir hadisə oldu”.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Kamilə Əliyeva bildirib.

 

K.Əliyeva qeyd edib ki, Vətən Müharibəsinin ilk saatlarında Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Ərdoğan Türkiyənin  Azərbaycanın yanında olduğunu bütün dünyaya bəyan edib: “Azərbaycanın haqq savaşında Türkiyənin  bizə verdiyi siyasi və mənəvi dəstək müharibənin son gününə qədər davam etdi. Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması işində də Azərbaycan  - Türkiyə birliyi göz önündədir. Türkiyə şirkətləri quruculuq işlərində yaxından iştirak edir.  Türkiyə şirkətləri avtomobil və dəmir yollarının və tunellərin tikintisində Azərbaycan şirkətləri ilə çiyin-çiyinə çalışırlar. İşğal dövründə ermənilər şəhər və kəndlərimizi yerlə yeksan etmişlər. Binaların daşlarını belə söküb Ermənistana daşımışdılar. Ermənilərin bu çirkin məqsədləri azərbaycanlıların heç vaxt bu torpaqlara qayıdıb yaşaya bilməməsinə xidmət edib. Ermənilər unutmuşdular ki, azərbaycanlılar Vətəni, doğma torpağı öz canlarından belə əziz tuturlar. Bütün məcburi köçkünlər öz ata yurduna qayıdacaqlar. Azərbaycan dövləti işğaldan azad edilmiş bütün şəhər və kəndlərimizi yenidən quracaq. Bu işdə türk qardaşlarımız da bizimlə birlikdədir. Türkiyə Vətən Müharibəsində bəzi dövlətlərin və qüvvələrin Azərbaycana qarşı təxribatının qarşısını aldı. Dünyada Türkiyə kimi qüdrətli bir dövlətin Azərbaycanla qardaş və dost olması ilə qürur duyuruq. Şuşada imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyəni rəsmən də müttəfiq etdi. Azərbaycan  - Türkiyə dostluğu, müttəfiqluyi bölgədə sülhə, əmin-amanlığa xidmət edir. Bu gün Türkiyə dünyada söz sahibi, eləcə də güc mərkəzidir. Yaşadığımız dövrdə bir çox ölkələrdə iqtisadi, siyasi böhran hökm sürür. İnsanların durumu ağır vəziyyətdədir. Türkiyə isə bütün sahələrdə inkişaf edir. Dövlətin gücü və qüdrəti artmaqdadır. Azərbaycan və Türkiyə dostluğu əbədi və sarsılmazdır. Hər iki qardaş dövlətin - Azərbaycan və Türkiyənin bayraqları hər zaman bir yerdə dalğalanacaq”.

Xəbərlər